Avropanın gələcək təhlükəsizlik arxitekturasını Rusiyanın iştirakı olmadan qurmaq olmaz. Elchi.az xəbər verir ki, Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka bunu Finlandiyanın “İlta-Sanomat” qəzetinə müsahibəsində Ukrayna böhranı başa çatdıqdan sonra Qərbin Rusiya Federasiyası ilə necə qarşılıqlı əlaqədə olacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Bu cür danışıqlar haqqında nə vaxt düşünə biləcəyimizi və danışıqlarda kimlərin iştirak edəcəyini bilmirəm. Ümid edirəm ki, Avropa İttifaqı bu müzakirələrdə həlledici rol oynaya bilər və vaxtı gələndə Rusiya bu barədə dialoqa girəcək”, – Boka əlavə edib.
Ukraynadakı münaqişədən danışan nazir vurğulayıb ki, Macarıstan hökuməti əsas məqsədini tezliklə atəşkəsə nail olmaqda görür. Onun sözlərinə görə, böhranın uzunmüddətli həllinə yalnız danışıqlar kömək edə bilər. “Tərəflər arasında davamlı sülhün necə əldə oluna biləcəyini bilmirəm. Amma bilirəm ki, hərbi əməliyyatlar sülhə gətirib çıxarmır”, – deyə Boka bildirib.
Havar Şəfiyeva






