Neçə illərdir təmirə bağlanan Bakı Dəmiryol Vağzalının bəxti açılmır ki, açılmır. Vağzalda təmir işləri ləng gedir, orada arabir söküntü işləri həyata keçirilir və işlər yenidən dayanır.
Virtualaz.org saytı xəbər verir ki, vağzal binasında bir neçə gündür yenidən söküntü işləri başlayıb. İşlər bu dəfə sürətlə aparılır. Bu da vağzalın yaxın zamanlarda istifadəyə veriləcəyi ehtimalını artırır. Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr gəlməsi ilə bu gümanlar daha da güclənib.
Vağzalda aparılan işlərin sürətlənməsinin səbəbini öyrənmək üçün “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov əlaqə saxladıq.
N.Əzməmmədov virtualaz.org saytına açıqlamasında bildirdi ki, bu söküntü işləri əsaslı təmir məqsədi ilə aparılmır. Sadəcə olaraq təmizlik işləri aparılır, yarımçıq qalan işlər tamamlanır. QSC rəsmisi əsaslı təmirə hələ qərar verilmədiyini söylədi.
Qeyd edək ki, Nadir Əzməmmədov ötən ay verdiyi açıqlamada vağzalda təmir işlərinin maddi çətinliklər səbəbindən dayandırıldığını demişdi.
Xatırladaq ki, Bakı Dəmiryol Vağzalının şəhərdən kənar bir əraziyə köçürüləcəyi haqda da dəfələrlə xəbərlər yayılıb, lakin sonradan həmin məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.
İlkin Muradov
Fotolar Vüsalə Abdullayevanındır
Virtualaz.org













