
Vüqar Bayramov: “İndiki məqamda AZAL-ın biletlərindəki artımın tempi heç bir halda devalvasiya faizindən artıq olmamalıdır”
Avronun məzənnəsinin manata nisbətdə bahalaşması təyyarə biletlərinin də qiymətinin artmasına səbəb olub. Demək olar ki, bütün istiqamətlərdə uçuş qiymətləri 30 faiz artıb.
AZAL rəsmiləri də aviabiletlərin qiymətinin artmasını manatın yumşalması ilə əlaqələndirirlər. “Azərbaycan Hava Yolları” (“AZAL”) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, AZAL təyyarə biletlərinin qiymətini qaldırmayıb. Manatın avroya nisbətən ucuzlaşması səbəbindən hazırki məzənnələrə uyğun olaraq, qiymətlər dəyişib.
Məhərrəm Səfərlinin sözlərinə görə, istər beynəlxalq, istərsə də yerli uçuşların tarifləri əvvəlki kimidir:“Sadəcə olaraq, bu tariflər avro ilə hesablandığı üçün bu valyutanın bahalaşması qiymətlərə də adekvat təsir göstərib”.
İqtisadçı ekspert Vüqar Bayramov da musavat.com-a açıqlamasında bildirdi ki, aviabiletlərin qiyməti avro ilə hesablandığından qiymət artımı devalvasiyanın nəticəsidir: “Beynəlxalq praktikaya görə, region ölkələrində, o cümlədən, Azərbaycanda aviareyslərin xərci yerli valyuta ilə deyil, avro ilə hesablanır. Faktiki olaraq, hazırda Azərbaycan da daxil olmaqla, regionda aviabiletlərin qiyməti avro ilə təklif olunur və yerli valyutaya çevrilir. Avro əsas hesablama vasitəsidir və avronun manata nisbətən məzənnəsinin dəyişməsi birmənalı şəkildə manata çevrildiyində xərcin artmasına gətirib, çıxarır. Dünya bazarında avronun dollara nisbətən məzənnəsində azalmalar müşahidə olunur. Ancaq Azərbaycan manatının dollara nisbətən məzənnəsi yumşaldığına görə bu, manatın avroya nisbətən məzənnəsinin yüksəlməsinə gətirib, çıxartdı. Ancaq bütün hallarda bu aspektdən AZAL-ın təklif etdiyi təyyarə biletlərinin qiymətlərində artımların olması gözlənilən idi”.
İqtisadçı ekspert onu da bildirdi ki, aviaşirkətlərin xərcləri avro ilə hesablandığı və bütün tariflər avro ilə ödənildiyi üçün avronun məzənnəsinin yüksəlməsi birmənalı şəkildə bu xərcin manatla ifadəsində artmasına gətirib, çıxarır: “Bu, manatın dollara nisbətən devalvasiya faizinə uyğun olaraq, həyata keçirilməlidir. İndiki məqamda AZAL-ın biletlərindəki artım tempi heç bir halda devalvasiya faizindən artıq olmamalıdır. Praktik olaraq, AZAL-ın biletlərinin devalvasiya faizindən artıq olması üçün iqtisadi əsas yoxdur. Razılaşmaq lazımdır ki, gələcəkdə manatın avroya nisbətən məzənnəsinin necə dəyişməsindən asılı olaraq, AZAL-ın təklif etdiyi qiymətlərə baxılması və dəyişilməsi mümkündür. Gələcəkdə manatın avroya nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə ediləcəksə, o zaman mütləq AZAL biletlərin qiymətlərinin azalmasına baxmalıdır. Avronun dollara nisbətən məzənnəsi aşağı düşür. 2015-ci ildə Avropa Mərkəzi Bankı təxminən 10 faizə yaxın yumşalma proqnozlaşdırırlar. AZAL devalvasiya faizindən artıq qiymət müəyyənləşdirməməlidir. Çünki bunun üçün iqtisadi əsas yoxdur”.
Aviabiletlərin bahalaşmasının turizmə təsirinə gəlincə, iqtisadçı bildirdi ki, bu təsir o qədər də ciddi olmayacaq: “Azərbaycandan xaricə dincəlməyə gedənlərin, eləcə də, xaricdən Azərbaycana gələnlərin bir qismi Türk Hava Yollarının xidmətindən istifadə edir. Bu baxımdan, Azərbaycan turistləri üçün və ölkəmizə gələn xarici turistlər üçün Türk Hava Yollarında biletlərin qiymətlərinin dəyişməsi daha önəmlidir. Türk Hava Yollarının İstanbul üzərindən çox geniş şəbəkəsi var. AZAL-ın şəbəkəsi Türk Hava Yolları ilə müqayisədə xeyli zəifdir. AZAL vasitəsilə tranzit kimi digər ölkələrə uçmaq praktiki olaraq, mümkün deyil. Ona görə də, mən düşünmürəm ki, bu Azərbaycana gələn turistlərin sayına ciddi təsir göstərəcək. Türk Hava Yollarının qiymətlərində baş verən dəyişiklik Azərbaycana gələn turistlərin sayına daha çox təsir göstərə bilər”.
AZAL-ın təyyarə uçuşlarında qiymətlərin artması ölkədəki turizm şirkətlərinin fəaliyyətinə də təsirsiz ötüşməyib.
Turizm sektorundakı mövcud durumu öyrənmək üçün bir neçə şirkətlə əlaqə saxladıq. “CTS” turizm şirkətinin özünü təqdim etməyən əməkdaşı bildirdi ki, avronun manata olan məzənnəsinə uyğun olaraq, aviabiletlərin bahalaşması onların müştərilərinin sayını kəskin şəkildə azaldıb: “Qiymətlərdə 30-35 faiz artım olub. Bu da bildiyiniz kimi, avronun məzənnəsi ilə bağlıdır. Məsələn, əvvəllər İstanbula uçuş 270-290 manat idisə, indi bu, 350 manata qalxıb. Dubay istiqamətindəki uçuşlar 300 manatdan 332 manata yüksəlib. Ən çox bahalaşma isə tranzit reyslərdədir. Türk Hava Yolları ilə olan tranzit reyslərdə əvvəllər 500-550 manata olan aviabiletlər indi 650-700 manata təklif olunur. Qatar Hava Yolları aviaşirkəti ilə olan uçuşlar əvvəllər 700 manataydısa, indi 900 manata baş gəlir. Həmçinin, Antalya, Bodrum və İzmirə yeni açılan reyslər, əvvəl 450-500 manata təklif edilirdisə, artıq 670 manata təklif olunur”.
Turizm şirkəti nümayəndəsinin sözlərinə görə, bu qiymət artımı müraciət edənlərin sayına da kəskin təsir edib: “İnsanlar bir anda bu bahalaşmadan təşvişə düşdülər. Bu da müraciətlərin sayını azaltdı. Əvvəllər gün ərzində 10 nəfər müraciət edirdisə, indi bu, 3-4 nəfərə qədər azalıb. Çünki əvvəl orta səviyyəli və daha imkanlı ailələr xaricı dincəlməyə gedirdisə, indi orta imkanlı ailələr bir daha düşünməli olacaqlar. İl ərzində 3 dəfə xaricə gedənlər bunu bir dəfəyə endirəcəklər, yəni ixtisara salacaqlar”.
Şirkət nümayəndəsinin sözlərinə görə, manatın kəskin ucuzlaşması da onlara itkilər hesabına başa gəlib:“Satdığımız bəzi paketlərin qiymətini ödəməmişdik və dolların bahalaşması ilə bir gecədə külli miqdarda ziyana düşdük. Çünki alıcıya köhnə məzənnə ilə satmışdıq, özümüz isə xərcləri yeni məzənnə ilə ödəməli olduq. Həmçinin sifarişlər manatla hesablandığından bir çox müştərilərimiz bir gün sonra eyni paket üçün daha çox ödəməli oldular”.
“Turan” turizm şirkətinin nümayəndəsi Qafqaz Bilalov da manatın devalvasiyasından ziyan çəkdiklərini bildirdi: “İlk növbədə onu qeyd edim ki, müraciətlər kəskin azalıb. Dolların yeni kursu ilə hesablayanda paket turlar 30 faiz baha başa gəlir. Bu səbəbdən də insanlar imtina edirlər. Digər tərəfdən, manatın ucuzlaşmasından öncə satdığımız bir çox tur paketlərinin xərclərini xarici şirkətlərə ödəməmişdik. Bu səbəbdən daha çox xərcimiz çıxdı. Bu da işimizə mənfi təsir edir”.