Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton maye qazla yüklənmiş tankerdə baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Milli mətbuatda əksini tapan xəbərə görə, yerli vaxtla saat 01:00-da Ulan-Batorda Dünjinqarav bazarı yaxınlığında 60 ton maye qazla yüklənmiş tankerdə partlayış baş verib.
Partlayış nəticəsində baş verən yanğın ətrafdakı tikililərə və avtomobillərə keçib.
Yanğına yanğınsöndürmə və təcili yardım xidmətləri cəlb olunub.
Hadisə nəticəsində 3-ü yanğınsöndürən olmaqla 6 nəfər ölüb.
Baş nazirin müavini Amarsaikhan Sainbuyan bildirib ki, partlayış nəticəsində ətrafdakı 15 nəfər xəsarət alıb.
Sainbuyan bildirib ki, ilkin məlumata görə, partlayış yük maşınının başqa bir avtomobilə çırpılması nəticəsində baş verib və əksəriyyəti park edilmiş cəmi 20 avtomobilə ziyan dəyib.
Nuranə Məmmədova






