ABŞ-da Texas ştatı hökuməti ilə Bayden administrasiyası arasında yaranan gərginlikdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Tramp 25 ştat kimi o da Texas administrasiyasını dəstəklədiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Texas ilə ABŞ hökuməti arasında gərginlik pik həddə çatıb.
Gərginliyin mənbəyi ölkənin cənub sərhədinin təhlükəsizliyi ilə bağlı müzakirələrdir. Məsələ respublikaçılarla demokratlar arasında ən ciddi müzakirə mövzularından birinə çevrilib.
Ali Məhkəmənin sərhədin müəyyən hissələrinə çəkilmiş tikanlı məftillərin götürülməsi ilə bağlı qərarı ilə gərginlik daha da artıb.
Texas qubernatoru Greg Abbott qərarı tanımayacağını açıqladı.
25 Respublikaçı qubernator da Texası dəstəklədiyini açıqladı. Məsələ Respublikaçılar və Demokratlar arasında güc yarışına çevrildi.
Texasa daha bir dəstək Respublikaçıların prezidentliyə ən güclü namizədi, ABŞ-ın keçmiş prezidenti Donald Trampdan gəlib.
Tramp bütün ştatları öz milli qvardiyalarını Texasa göndərməyə çağırıb.
O, bəyan edib ki, ABŞ-ın cənub sərhədi qeyri-qanuni mühacirlərdən qorunmalıdır.
ABŞ-ın 25 ştatının qubernatorları Texas və Bayden hökuməti arasında sərhəd mübahisəsi müzakirəsində Texası dəstəkləyiblər. 25 qubernator Co Baydeni ölkəni müdafiəsiz tərk etməkdə ittiham edərək, Bayden əleyhinə birgə bəyanat imzalayıb.
Nuranə Məmmədova






