
Ötən gecə xalq artisti Rəmişin qardaşının evi yanaraq, kül olub. Hadisə hər kəs tərəfindən təəssüflə qarşılansa da, bəziləri bu işdə gitara ifaçısının da əli olduğunu güman etdilər.
Buna səbəb isə hadisədən bir neçə gün öncə xalq artistinin ATV-də yayımlanan “Düzün desək” verilişində qardaşı haqqında verdiyi açıqlama olub: “Bir doğma qardaşım var, ondan zəhləm gedir. Allahın da ondan zəhləsi gedəcək, bu yaxınlarda… Böyükdür, üzünə ağ ola bilmirəm. Lakin ölənə kimi qardaşımı danışdırmayacam. Onu Allaha tapşırmışam.
Qardaşım böyük səhvlər buraxıb. Elədiklərini özümə də sığışdırıb, deyə bilmirəm. Xoşagəlməz hərəkətlər edir, internetdə mənimlə bağlı yazılar yayır. Bunların hamısı gəlib, mənə çatır. “Rəmiş tapançayla gəzdi” və s. şayiələr yaradır”.
Məsələ ilə bağlı xalq artisti ilə əlaqə saxlayıb, qardaşının vəziyyətini öyrənməyə çalışdıq. Lakin gitara ifaçısı musavat.com-un əməkdaşna cavab vermək istəməyib.
Onun həyat yoldaşı Gülüm xanım isə xalq artistinə verilən suallara özü cavab verib: “Biz bu haqda heç nə danışmaq istəmirik. Bütün şəhər düşüb, üstümüzə… Axı, biz kimə nə etmişik. Hamı Rəmişin üstünə gəlir. Əl çəkin, bu kişidən, axı o da insandır”.
Qeyd edək ki, ötən gecə Əvəz Ələkbərov küçəsində, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində gitara ifaçısı Rəmiş Hüseynovun qardaşı Vaqif Hüseynova məxsus mənzildə qəfildən yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası cəlb edilib, yanğının qarşısı alınıb.
İlkin ehtimallara görə, yanğın evdəki kompüterdən başlayıb



