ABŞ hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin dostlarının iki bankının aktivlərinə həbs qoyub.
Virtualaz.org saytı xəbər verir ki, “Wall Street Journal” qəzeti dondurulan aktivlərin 640 milyon dollar olduğunu yazır.
Dondurulan aktivləri Yuri Kovalçukun “Bank Rossiya” bankına və Rotenberq qardaşlarının “SMP Bank”ına məxsusdur. Bu banklar Amerikanın “qara siyahısı”na düşən ilk Rusiya şirkətləridir. ABŞ Putinin dostları çevrəsinə daxil olan biznesmenlər Yuri Kovalçuka, Gennadi Timçenkoya, Arkadi və Boris Rotenberq qardaşlarına qarşı sanksiyalar tətbiq edib.
Qəzet rusiyalı iş adamların bankına məxsus olan və ABŞ-da dondurulan vəsaitlərin məbləğini Maliyyə Nazirliyinə sorğu göndərməklə öyrənib.
Ən çox zərər çəkən “Bank Rossiya”dır, bankın 572 milyon dollarına həbs qoyulub. Bu, bankın cəmi aktivlərinin 10 faizidir.
Həmçinin Rusiyanın “Sberbank”ı, “Bank Moskva”, “Qazprombank”, “Rosselxozbank”, “Vneşekonombank” və VTB də Amerikanın “qara siyahısı”ndadır.
Qəzet yazır ki, Rusiyaya qarşı tətbiq edilən maliyyə və iqtisadi sanksiyalar bu ölkənin iqtisadiyyatında gerilməyə səbəb olsa da effekt verməyib. Çünki Putinin yaxın ətrafına daxil olan şəxslər nəhəng vəsaitləri əldə cəmləyiblər və onların cüzi hissəsinə sanksiya tətbiq etmək mümkün olub.



