ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton müxalifət lideri Aleksey Navalnının ölümü, “Rusiyanın təzyiqi və təcavüzü” və Ukraynadakı müharibə ilə əlaqədar Moskvaya qarşı yeni böyük sanksiyalar paketini cümə günü elan edəcək.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden ötən həftə həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və qızı Daşa Navalnaya ilə görüşüb və “səmimi başsağlığı verib”.
Ağ Evdən verilən açıqlamada bildirilib ki, Kaliforniyadakı görüşdə Bayden Navalnının “fövqəladə cəsarətinə, korrupsiyaya qarşı mövqeyinə və qanunun aliliyinin hər kəsə şamil olduğu azad və demokratik Rusiya uğrunda mübarizəsinə heyran olduğunu bildirib. ”
Prezident Bayden həmçinin bildirib ki, ABŞ Navalnının ölümü, eləcə də “Rusiyanın təzyiqi və təcavüzü” və Ukraynadakı müharibə ilə əlaqədar Moskvaya qarşı yeni böyük sanksiyalar paketini cümə günü elan edəcək.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bundan əvvəl demişdi ki, son sanksiyalar Rusiyanın müdafiə və sənaye sektoru və iqtisadiyyat üçün gəlir gətirən mənbələr də daxil olmaqla bir sıra maddələri hədəf alacaq.
Rusiya Penitensiar Xidməti 47 yaşlı Navalnının otuz illik həbs cəzasını çəkdiyi Arktika Dairəsində yerləşən “Qütb canavarı” həbsxana koloniyasında gəzintidən sonra ötən cümə günü qəfildən xəstələndiyini və dünyasını dəyişdiyini açıqlayıb.
Həyat yoldaşı Yuliya Navalnaya ilə yanaşı, ABŞ və bir çox Qərb ölkələri Navalnının ölümündə Rusiya lideri Vladimir Putinin məsuliyyət daşıdığını bildirən bəyanatlar verib.
Nuranə Məmmədova






