
İraq Kürd Regional Rəhbərliyi prezidenti Məsud Bərzani Kərkükün cənubunda və qərbində İŞİD-ə qarşı irəliləyən peşmərgə güclərini təbrik edib.
Müsavat.com-un məlumatına görə, Bərzaninin yayımladığı mesajda qeyd olunur: “Peşmərgə güclərinin Kərkükün cənubunda və qərbində əldə etdiyi qələbələr bütün Kürdüstan xalqını xoşbəxt edib. Terrorçular Peşmərgə qarşısında dayana bilməyib və geri çəkilib. Qəhrəman Peşmərgələri və komandirləri bu böyük uğur münasibətilə təbrik edirəm. Bu cəsarət və fədakarlıq üçün təşəkkür edirəm. Bu qələbə Kürdüstan xalqına mübarək olsun”.
Qeyd edək ki, Peşmərgə qüvvələri dünən səhər koalisiya qüvvələrinə məxsus döyüş təyyarələrinin dəstəyi ilə İŞİD-ə qarşı geniş miqyaslı əməliyyatlara başlayıb. Şiddətli toqquşmalar nəticəsində Molla Abdullah, Böyük Simaylava, Kiçik Simaylava , Sahre kəndləri ilə Haraberut Sıra Dağları azad edilib. Hücumda 150 İŞİD-çinin öldürüldüyü bildirilib.



