
Ekspertlər bildirirlər ki, manatın yenidən ucuzlaşma ehtimalı yüksəkdir, devalvasiyadan sonra da dəyərsizləşmə prosesi dayanmayıb
Martın 10-da ölkədə manat cüzi ucuzlaşıb. Mərkəzi Bankın martın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda, məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0491 manat səviyyəsində müəyyən edilib.
Bu, martın 6-da olan məzənnədən 0,0001 manat və ya 0,01 faiz çoxdur. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0239 manat və ya 2,07 faiz ucuzlaşaraq, 1,1327 manat olub.
Banklardan dollarla kredit götürənlərin problemi isə hələ də aktualdır. Mütəxəssislər dollarla kredit götürənlər üçün bir sıra çıxış yolları təklif edirlər.
İqtisadçı Samir Əliyevin sözlərinə görə, hökumət müşahidəçi mövqedən konkret addımlara keçməlidir və kompromis variantlar tapılmalıdır.
Mütəxəssisin fikrincə, banklar da konkret güzəştlər etməlidir: “Banklar kreditin ödənilmə müddətini uzatmaqla və illik faiz dərəcəsini bir qədər aşağı salmaqla, müştərilərə güzəştə gedə bilərlər. Hökumət də öz növbəsində banklara dəstək verməlidir. Bütün valyuta kreditləri olmasa da, istehlak kreditlərinin zərərini dövlət öz üzərinə götürməlidir”.
Ekspert qeyd edib ki, hazırda xarici valyuta kreditlərinin 35 faizi istehlak kreditlərinin payına düşür. S.Əliyev bildirib ki, söhbət təxminən 2,3 milyard dollara yaxın vəsaitdən gedir: “Həmin vəsait köhnə məzənnə ilə ödənilsə, banklar əlavə olaraq, 380 milyon manata yaxın zərərə düşər. Bütün valyuta kreditlərində bu göstərici 1 milyard manata yaxındır. Dövlət bu vəsaiti banklara vergi güzəşti və ya maliyyə yardımı şəklində ödəməlidir. Əks halda, ölkə iqtisadiyyatını böhrandan qurtarmaq üçün daha çox pul xərcləməli olacaq və bunun səmərəsi indikindən də az olacaq”.
Həmçinin bildirilir ki, banklar son iki həftə ərzində kredit ödənişlərində gecikmələri nəzərə alaraq, müştərilərinə güzəştlər tətbiq etməyə başlayıb. Belə ki, bəzi iri banklar dollarla kredit götürən müştərilərinin kredit faizlərini azaldıblar. Bankların müştəriləri üçün etdiyi bu jest 2-3 faiz civarındadır. Banklar bu yolla müştərilərində stimul yaratmağa çalışır.
Ekspertlər bu addımı vətəndaşlarda banklara qarşı azalan inamı bərpa etmək cəhdi kimi qiymətləndirirlər. Mülki Məcəllənin 439.7-ci maddəsi son günlər ekspertlər və hüquqşünaslar tərəfindən ciddi şəkildə müzakirə edilsə də, Mərkəzi Bank bu məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddənin birmənalı izah etmək mümkün olmadığını əsas gətirir.
Bank həmçinin müştərilərə Konstitusiya Məhkəməsinə müraciət etməyi də məsləhət görür. Yəni vətəndaş dollarla götürdüyü krediti əvvəlki məzənnə ilə ödəmək fikrindədirsə, məhkəməyə müraciət etməlidir.
Əksər ekspertlər baş verənləri təhlil edərək, manatın yenidən ucuzlaşma ehtimalının yüksək olduğunu vurğulayırlar. Onların fikrincə, Mərkəzi Bank devalvasiyaya baxmayaraq, fevralda 1,7 milyard dollar itki verib. Valyuta ehtiyatları 2015-ci ilin əvvəlindən keçən 2 ay ərzində 2 milyard 753,9 milyon dollar azalıb.
Ötən ilin sonunda valyuta ehtiyatları 13 milyard 758,3 milyon dollar təşkil edirdi. 2014-cü ilin iyulunda Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193,4 milyon dollara çıxmışdı. Son 7 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 189 milyon dollar və ya 27,6 faiz azalıb.