
“2014-cü ildə Azərbaycana 2 milyon 500 min turist gəlib. Ancaq ötən il bizdə turizm sahəsində çətinlik olub”.
ANS PRESS-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev 3-cü Beynəlxalq Xəzər enerji forumunda çıxışında deyib.
O bildirib ki, bu azalma qonşu ölkələrdə baş verən iqtisadi-siyasi proseslərlə əlaqəlidir: “Rusiya, Gürcüstan və İrandan Azərbaycana gələnlərin sayı ümumilikdə təxminən 2-3% civarında azalıb. Təbii ki, Rusiyada iqtisadi vəziyyət bu ölkədən gələn turistlərin sayına təsir edib. Bu amillər Gürcüstan və İrandan gələn turistlərə də aiddir”.
Nazir bildirib ki, son 5 ildə otellərdə yerlərin sayı 5 dəfə artıb. Artıq ölkədə qonaqların yerləşdirilməsi üçün 35 minə qədər yataq var. Nazirin sözlərinə görə, hazırda Azərbaycanda otellərin sayı 530-dan çoxdur.
“Bizim tam imkanımız var ki, gələn qonaqları qəbul edək. Biz qonaqlara çox ucuz qiymətlər qoymuruq. Çünki biz Türkiyə kimi dəniz ətrafında yerləşən ölkələrlə rəqabət apara bilmərik. Bizim məqsədimiz xidmətin çeşidliyini artırmaqdır”, – deyə nazir vurğulayıb.



