Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib.Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
AzərTAc-ın xəbərinə görə, dövlət başçısının müvafiq sərəncamlarına əsasən rayonun bir çox yaşayış məntəqələrini birləşdirən kəndarası yollar əsaslı təmir edilib. Onlardan biri də Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yoludur. Hazırda 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 15,5 kilometr uzunluğunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.
Burada dövlət başçısına əsaslı təmiri başa çatmış Alpoud-Mustafaağalı-Nazırlı-Qaratəpə avtomobil yolunun göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən bu yolun çəkilməsinə dövlət büdcəsindən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılıb. Yolun tikintisi nəzərdə tutulan müddətdə və müasir tələblərə uyğun olaraq başa çatdırılıb. Yeni yolun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpoud və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi 3 dəfə azalıb.



