İranın ölkəsinə hava hücumundan sonra İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ prezidenti Co Baydenlə telefonla danışdığı bildirilib.
Elchi.az xəbər verir ki, İsrail baş nazirliyinin “X” sosial media hesabında Netanyahunun döyüş kabineti və daralmış təhlükəsizlik kabineti ilə görüşündən sonra Baydenlə telefonla danışdığı açıqlanıb.
Söhbətin məzmunu ilə bağlı təfərrüatlara yer verilməyən yazıda Netanyahunun telefon danışığı zamanı fotosu yer alıb.
İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.
İran bəyan etmişdi ki, İsrailin konsulluğuna hücum onun ölkə ərazisinə hücum deməkdir və onlar buna cavab verəcəklər. İsrail İranın hücumuna cavab verəcəyini bəyan etmişdi.
Dünən İran yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib.
İran bəzi hərbi hədəflərin vurulduğunu, İsrail isə hücumların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri tərəfindən alındığını açıqlasa da, raket cənubdakı hərbi bazaya düşüb.
Nuranə Məmmədova






