Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayının 39-a yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, Dawn internet saytının məlumatına görə, təbii fəlakət agentliyinin rəsmiləri Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən güclü yağış və ildırım çaxmaları nəticəsində ən azı 39 nəfərin həyatını itirdiyini açıqlayıb.
Səlahiyyətlilər, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb.
Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını bildirib.
Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görsə də, infrastruktura da ciddi ziyan dəyib.
Pakistanda 2022-ci ildə ölkənin üçdə birini sular altında saxlayan daşqınlar nəticəsində 2 minə yaxın insan həyatını itirib və təxminən 30 milyard dollar ziyan dəyib.
Şayəstə Hüseynova





