İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Nyu-Yorkda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Venesland ilə görüşü zamanı deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu nəzarətdən çıxıb və təmkinli olmalıdır.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
İranın İsrailə qarşı cavab zərbəsi ilə bağlı Abdullahiyan deyib ki, bu cavab qanuni və beynəlxalq hüquqa əsaslanır.
Onun sözlərinə görə, İran bu əməliyyatı daha geniş miqyasda həyata keçirə bilsə də, aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hücum edən İsrail hərbi mövqelərinin yalnız bir hissəsini vurub.
İranın xarici işlər naziri həmçinin deyib:
“Sionist rejim ABŞ və müttəfiqlərinin dəstəyi ilə Qəzzada müdafiəsiz fələstinli uşaq və qadınlara qarşı qırğınlar və soyqırımlar həyata keçirir”.
Venesland da öz növbəsində vəziyyətin nəzarətdən çıxdığını, fələstinlilərin vəziyyətinin ağrılı olduğunu qeyd edib. Qəzzada müharibənin dərhal dayandırılmasına çağıran BMT koordinatoru bildirib ki, BMT regionda gərginliyin azaldılmasına sadiqdir və sülh və təhlükəsizliyin təşviqi üçün bütün səylərini sərf edəcək.
Yeganə






