Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri İntiqam Əliyevin növbəti məhkəmə prosesi olub. Hüquq müdafiəçisinə dəstək üçün tanınmış simalar, qeyri-hökumət təşkilatlarının nümayəndələri məhkəmə binasının önünə toplaşıblar.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, zərərçəkmiş Mehdiyeva Gülnarın məhkəmə prosesinə gəlməməsi ucbatından iclasda fasilə yaranıb.
İntiqam Əliyevin xahişi ilə zərərçəkən şəxslərin ifadələri yarımçıq dayandırılaraq, bitmiş hesab olunub.
Daha sonra İntiqam Əliyev bundan əvvəlki məhkəmə prosesində baş verənlərə görə üzr istəyib.
Hakim İntiqam Əliyevin məhkəmə prosesinin 31 mart saat 14:00-a təxirə salınması barədə qərar qəbul edib.
Cavanşir ABBASLI,
Musavat.com







