Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda ilkin məlumata görə, 10 nəfər ölüb, 21 nəfər itkin düşüb.
Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində bir müddətdir təsirli olan yağışlar sel və insan tələfatına səbəb olub.
Elchi.az xəbər verir ki, Mülki Müdafiədən verilən açıqlamada, daşqınlarda indiyədək 10 nəfərin həyatını itirdiyi, itkin düşən 21 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Açıqlamada 1400 nəfərin evləri su basması səbəbindən yaşayış yerini tərk etmək məcburiyyətində qaldığı, bölgəyə gücləndirmə dəstələrinin göndərildiyi bildirilib.
Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın göstərişi ilə daşqından zərər çəkmiş rayonlara humanitar yardım göndərilib.
Əyalət qubernatoru Eduardo Leite sosial media hesabından verdiyi açıqlamada bölgədə leysan yağışların davam edəcəyini bildirib və vətəndaşlardan diqqətli olmalarını istəyib.
Güclü yağışlar nəticəsində körpülərin dağıldığı, evlərində qapalı qalan insanların damlarda kömək gözlədiyi görülüb.
Nuranə Məmmədova






