
Gözümüzün önündə silinən tarix
Bu dəfəki reportajımız Bakının qədim yaşayış məskənlərindən biri sayılan Əmircan kəndindəndir. Tarixi mənbələrə görə, kəndin qədim adı Xilə olub, sonradan isə dəyişiklik nəticəsində Əmircan adını alıb. Rəvayətə görə, Xilə sözü burada yaşayan Xilə tayfasının adından götürülüb. Bəzi mənbələrdə isə bu tayfa Hillə tayfası kimi də təqdim olunur.
Bu qəsəbəyə diqqət ayırmağımızın səbəbi var. Qəsəbənin qədimliyi, tarixi və tarixi şəxsiyyətləri…
Qəsəbənin dar küçələri ilə gedirik. Namiq adlı bələdçimiz bizə tarixi yerləri böyük həvəslə göstərir. İlk getdiyimiz tarixi məkan Bünyadlılar məscididir.
Bünyadlılar məscidi yonulmuş sal daşlardan inşa olunub və səkkiz tağı var. Günbəz də bu tağlar üzərində dayanıb. Günbəzdə 16 pəncərə qoyulub. Bünyadlılar məscidinin interyeri çox sadədir.
Məscidin hər küncündə baxımsızlıq hiss edilir. Tarixi məscidi itirmək üzrəyik.
Məsciddə onun inşa tarixini göstərən daş kitabə də həkk olunub. Burada yazılıb: “Hacı Tağının atası Ağa Yusif. 1323-cü il (İslam tarixi ilə – red)”. Bu məscid əsasən qadınlar üçün nəzərdə tutulub.
Bünyadlılar nəsli qəsəbədə çox yaxşı tanınır. Hətta məscidi inşa etdirən şəxsin kötücəsi hələ də qəsəbədə yaşayır və biz həmin şəxslə də görüşdük. İlqar Bünyadov ulu babasından danışır: “Bu məscidi babamın babası Bünyadxan tikdirib. Məscid 1905-ci ildə inşa edilib. Həmin yer onun öz həyəti olub. Öz hesabına həyətində kənd camaatı üçün məscid tikdirib”.
Yolumuzu digər bir tarixi məsciddən salırıq. Bu tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür.
1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. Belə ki, məscidin memarı Zivərbəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur. Hətta bu məscid SSR dövründə namaz qılmaq qadağan edildiyi üçün Səttar Bəhlulzadə adına ev muzeyi kimi də fəaliyyət göstərib.
Deyilənə görə, Əmircan məscidinə M.Muxtarov məxsusi olaraq müqəddəs «Qurani-Kərimi» hədiyyə edib. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanıbmış. Məlumatlara görə, həmin Quran 25 kiloqram ağırlığındadır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır.
Məscidin axundundan icazə alıb, minarəyə qalxırıq. Minarədən qəsəbənin möhtəşəm görüntüsünü fotokameramızla qeydə alırıq.
Növbəti baş çəkdiyimiz yer Əmircan türbəsidir. Burada həm də Əmir Nizaməddinin məzarı yerləşir. Bu türbənin maraqlı bir hissəsi var. Qapısı insan boyundan çox kiçikdir. İçəri daxil olan şəxsin baş əyməsi üçün qapı bu formada düzəldilib. Əmir Nizaməddin Xilə kəndinin adlı-sanlı adamlarından biri olub.
Şirvan şahı və şeyxülislam o vaxtlar Xilənin adlı-sanlı şəxslərindən olan Əmir Nizaməddini əmir təyin edir. Əmir Nizaməddin XIV əsrdə bütün Bakı mahalında tanınmış, savadlı, mütərəqqi fikirli şəxslərdən biri olub. Əmircan adı da məhz Əmir Nizaməddinin Əmirhac titulundan meydana gəlib. Onun məzarı də qəsəbədə yerləşir. Amma o da digər tarixi abidələr kimi baxımsız durumdadır.
Qəsəbədə eyni adda məscid də var. Nizaməddin məscidi qəsəbənin ən qədim tarixi abidələrindən biri hesab edilir. Rəvayətlərə görə, bu məscidin altında “əmanət qəbirlər” adlanan məzarlıq var. Belə ki, tarixi dövrlərdə dünyasını dəyişən şəxslərdən bəziləri Kərbəlada və ya başqa uzaq yerlərdə dəfn edilməyi vəsiyyət ediblər. Onları həmin yerlərdə basdıra bilməyən mərhumun yaxınları, bu məscidin altında basdırırlarmış. Və bir müddət sonra imkan olarsa, məzarları vəsiyyət edilən yerə daşımağı nəzərdə tutublarmış. Amma onların heç biri daşınmayıb. Buna görə də, həmin məzarlıq “əmanət qəbirlər” adlanır.
Küçə ilə hərəkət edirik. Hasarlarda üzərində qədim nişanələri gəzdirən daşlara rast gəlirik.
Əmircan qəsəbəsində xalq rəssamı Səttar Bəhlulzadənin Ev Muzeyi də var. Amma onun qapıları hər zaman ziyarətçilər üçün qapalıdır. Sakinlər bundan çox narazıdırlar. Çünki Muzeyin qapıları çox zaman qapalı olduğu üçün qəsəbəyə gələn insanlar buranı ziyarət edə bilmirlər.
Qəsəbədə haqqında çox da məlumat ala bilmədiyimiz köhnə hamam da var. Buraya da baş çəkirik. Hamamın divarları, üst örtüyü məhv olmuş haldadır.
Əmircanda digər Bakı milyonçusu Şəmsi Əsədullayev də məscid tikdirib, amma həmin məscid sonralar dağıdılıb. Hazırda isə qəsəbədə Ş. Əsədullayevin məzarı yerləşir.
Qəsəbədə digər tarixi şəxsiyyət olan Tofiq Bayramın da məzarı yerləşir. 1934-cü ildə anadan olmuş Tofiq Bayram respublikamızın istedadlı lirik şairlərindəndir. T. Bayram vətənpərvərlik, məhəbbət haqqında gözəl şerlər müəllifidir. «Gərək elə yanım», «Azərbaycan deyəndə», «Səninlə görüşəndə», «Əsrin oyunu», «Könlümdə yaşayanlar», «Məsləkim, silahım» və bir sıra şer kitablarının müəllifidir. Tofiq Bayram 1991-ci ildə vəfat edib, qəsəbədə böyük bir küçəyə və parka onun adı verilib.
Onun məzarının yanında isə Səttar Bəhlulzadənin büstü və məzarı yerləşir.
Ümumiyyətlə Əmircan qəsəbəsi tarix baxımından çox zəngindir. Hər küçəsi, hər köşəsində tarixin bir hissəsi var. Amma yerli sakinlərdən başqa bu dəyərin qiymətini bilən yoxdur. Təəssüf…
Reportaj zamanı qəsəbədə bir çox insanla söhbətləşdik. Ünsiyyət qurduq. Onların arasında Arif dayı üz cizgiləri ilə çox diqqətimi çəkdi. Onunla məscidin həyətində tanış olduq. Xoşsöhbəti ilə bizi özünə heyran qoydu. Öyrəndik ki, vaxtı ilə illər boyunca taksi sürücü işləyən Arif dayı, indi yaşlandığı üçün artıq işləmir. Amma qəsəbədə hamı onu tanıyır və xətrini çox istəyir.
Məhəmməd Türkmən
Fotolar müəllifindir