
Türkiyədə kürd probleminin həll prosesi çərçivəsində gündəmə canlı bomba əməliyyatı düşüb. Belə ki, terror təşkilatı PKK-nın silah buraxmasının gündəmdə olduğu bir dövrdə, İstanbulda kritik bir canlı bomba əməliyyatı həyata keçirildiyi ortaya çıxıb.
Bununla bağlı yayılan xəbərlərdə bildirilir ki, canlı bomba PKK-nın içərisindəki qruplardan biri tərəfindən təşkil edilib. Bildirilir ki, kürd probleminin həll prosesindən narahat olan həmin qrup vəziyyəti dəyişmək istəyir.
Qeyd edək ki, Türkiyədə mövcud hökumət 2009-cu ildə ölkədə terroru dayandırmaq üçün kürd probleminin həlli prosesinə start verib. O vaxtdan bəri terrorçular və Türkiyə ordusu arasında qeyri-rəsmi atəşkəs hökm sürür. Bildirilir ki, probemin həlli istiqamətində Türkiyə hökuməti ilə həbsdə olan PKK lideri Abdulla Öcalan və terror təşkilatının İraqın şimalındakı rəhbərliyi arasında danışıqlar aparılır. Hazırda həll prosesi davam etsə də, tərəflər arasında anlaşılmazlıq yaranıb.



