Suriyada döyüşlərdə iştirak etmək ittihamı ilə həbs olunan 6 nəfərin məhkəməsi başlayıb.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər də iştirak edib. İlk olaraq, təqsirləndirilən şəxs Tural Həsənovun vəkili Elmar Süleymanov vəsatətlə çıxış edib.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arxasından çıxarılıb, yanında əyləşdirilməsi və cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Digər vəkillər də bu vəsatəti müdafiə ediblər.
Prokuror vəsaitlərin əleyhinə çıxış edib.
Daha sonra hakimlər əvvəlki prosesdə təqsirləndirilən şəxs Məmmədov Namiqin vəkili Müzəffər Baxışın verdiyi vəsatətlər və indiki vəsatətlərlə bağlı qərar qəbul etmək üçün müşavirəyə yollanıblar.
Ancaq vəkillərin qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb.
Proses 6 aprel 10:30-a təxirə salınıb.
Cavanşir ABBASLI







