Şəhid ailəsi dövlət rəhbərliyinə məktub ünvanlayaraq üzləşdikləri məhrumiyyətlərlə bağlı yardım istəyir. Məktubu Tavad Məmmədovanın adından gəlini Rəsmiyyə Əsgərova yazıb.
Qeyd olunur ki, şəhid ailəsi dəfələrlə dövlət qurumlarına müraciət etməsinə baxmayaraq, hələ də evlə təmin olunmayıb.
Məktubda bildirilir ki, Məmmədov Zülfüqar Fazıl oğlu 1932-ci ildə Qafan rayonunun Gözdəkli kəndində anadan olub. 1988-ci ildə Ermənistandan qaçqın düşüblər: “Bir müddət İmişlidə yaşayıb sonra Zəngilanın durulu kəndində məskən salıblar. 4 il ermənilərlə vuruşan Z.Məmmədovu ermənilər Zəngilanda diri-diri yandıraraq cəsədini samanlığa atıblar”.
R.Əsgərova yazır: “Qaynanam 8 uşaqla Nəsimi rayonunda 32 kvadrat yarıqaranlıq evdə məskunlaşıb. Yoldaşının yanmış cəsədini görəndən sonra ruhi xəstəyə çevrilən qayınanama indi mən baxıram. 2003-cü ildə bu ailəyə gəlin gəlmişəm. 32 kvadrat evdə 3 övladım dünyaya gəlib. Artıq uşaqlar böyüyür. Havasız, qaranlıq evdə uşaqlarımın astma xəstəliyinə tutulma ehtimalı var”.
Şikayətçi daha sonra yazır ki, bu ailə bu günə qədər dövlətdən heç nə almayıb – nə torpaq, nə də ev: “Göndərdiyim məktublar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinə göndərilir. Onlardan bu günə qədər 9 şablon cavab almışam. Icra hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinə ayrılan evlər kimlərə verilir?”
R.Əsgərova dövlət rəhbərliyindən kömək umur və gözləyir.