
Həyatın özü kimi qanunları da qəlizdir. Qocalar həmişə deyirdi ki, elin bir başında toy olar, o biri başında yas-bundan əndişələnmək lazım deyi, ona hər bir həyat hadisəsi kimi sadəcə, alışmaq lazımdır…
Amma adam heç cür qəbul edə bilmir ki, bir millətin bayramı ilə matəmini cəmi bircə gün ayırsın- bəli, mayın 8-i Şuşanın işğalı, 9–u isə faşizm üzərində qələbə günüdür…
Formal məntiqə görə biz ayın 8-də dərd içində olmalı, 9-da isə nəşələnməliyik. Belə bir şey ola bilərmi? Bu halda mayın 8-də ağlayanların, 9-da isə gülənlərin səmimiyyətinə inanmaq olarmı?
Şuşanın işğalı haqqında bəndəniz bir gün əvvəl bir yazı, daha doğrusu, bir ağı yazmışdı. O yazıdan təkcə onu xatırladardım ki, tez-tez yuxularıma iki şəhər girir, hansıları ki, mən heç vaxt görməmişəm, hətta yaxınlığından da keçməmişəm. Onlardan biri İstanbul, o birisi isə Şuşadır…
Bu, adi yuxular olur. Dost-tanışlardan eşitdiklərim, televiziayada gördüklərim bir yuxu olub mənim dünyama dönür…
Yox, İstanbul sarıdan arxayınam. Həm də düşünürəm ki, bu şəhərdə olmaq mənə hələ qismət olacaq. Amma Şuşa… Bax, bunu bilmirəm…
Fəqət, bu gün 9 maydan yazacam. Özü də çox qısa. Niyə bu mövzuya toxunmaq istədim? Əslində hər il bu mövzuda- müharibə mövzusunda nəsə yazıram. İndi də ənənəyə sadiq qaldım. Bir daha yazmaq, özüm üçün nələrisə yenidən çək-çevir etmək qərarına gəldim…
İndilik ağlıma gələn budur ki, əslində bu müharibə SSRİ əsarətində olan və yaxud da onun əsarəti altına düşməkdən qorxan və bundan ehtiyat edən bütün xalqları ikiyə bölmüşdü…
Bəli, başqalarını ikiyə bölmək elə bil Rusiyanın alnına yazılıb. “Bölünmək” sözünü yazıram, amma sanki bütün bədənimdən bir elektrik keçir…
Heç bilmirəm, indi yazacağım sözləri özüm fikirləşmişəm, yoxsa nə vaxtsa və haradasa oxumuşam? Qərəz, deyəcəyim budur ki, bölünməkdən o qədər qorxuram ki, hətta çürük almanı da iki yerə bölməyə əlim gəlmir. Bəli, Rusiya bizi şimala və cənuba böldü. Qaçqınlara və məcburi köçükünlərə böldü… Biz isə hələ də onun yanında olmaqdan qürur duyuruq…
Nə isə… Keçək mətləbə. Qələbə bayramı ilə bağlı yadımda qalan ən maraqlı detal Moskvada olmuşdu. Tələbə idik. O vaxt Moskvada qələbə bayramlarını böyük atəşfəşanlılqlarla qeyd edirdilər…
Növbəti belə bayramlardan biri idi. Atəşfəşanlığı seyr etməkdən yenicə qayıtmışdıq və dostlardan birinin otağında oturmuşduq. Orada bir alman qızı da vardı-dostlardan birinin rəfiqəsi idi…
Adı da deyəsən, Ketrin idi. Bəlkə də başqa cür idi, artıq yadımda deyil-bunun elə bir əhəmiyyəti yoxdur….
Elə-belə bayramdan, atəşfəşanlıqdan söhbət edirdik. Birdən uşaqlardan biri alman qızına tərəf dönüb “Atəşfəşanlığı seyr etməyə getmişdinmi?” deyə soruşdu. Bir anın içində qızın sifətinə kədər qondu və o, zorla eşidiləcək səslə “Biz ki, qalib gəlməmişdik…” dedi…
Onun sözləri mənə çox təsir etdi. Birinci dəfə düşünürdüm ki, bəs bizlər-azərbaycanlılar, gürcülər, latışlar, estonlar, daha nə bilim kimlər, o müharibədə özümüzü və millətlərimizi qalib saymaqda nə qədər haqlı idik?..
Bilirsiniz, qul olmağın qəribə xüsusiyyətləri, cəhətləri olur. Xüsusən də insan qul kimi doğulursa, azadlıq haqqında ümumiyyətlə təsəvvürü olmursa, ozünün kimliyinin fərqində olmur, qul olduğunu başa düşmür, fikirləşir ki, hər şey qaydasındadır, elə belə də olmalıdır…
Biz də qul olduğumuzu bilmirdik. Axı sovet adamları idik! Bilmirdik ki, sovet adamı elə qulun başqa bir adıdır. Güman edirəm ki, o vaxt almanlar, polyaklar və onlara yaxın xalqlar vəziyyəti daha yaxşı bilirdilər…
Biz isə qul idik, həm də “xoşbəxt” qullar idik… Təzad da elə bundadır… Qərəz, biz qul olduğumuzu bilmirdik. Ona görə də sovetlərin dərdi dərdimiz, bayramı isə bayramımız idi. Əsl həqiqətləri isə sonradan bildik…
Amma burada bir detalı da qeyd etməyi vacib bilirəm. Bizim babaları, ataları haqlı edən bircə nüans vardı: o müharibə faşizmə qarşı müharibə idi…
Düşünürəm ki, əslində M.Ə.Rəsulzadənin o vaxtki alman hakimiyyətinə münasibəti bizim üçün də örnək olmalıdır. Bəli, o, Hitlerin mahiyyətini dərhal müəyyən etmişdi. Amma bununla bərabər müharibənin elə tərəfləri də vardı ki, onlar hələ də öz yozumunu gözləyir…
Legionerlər haqqında hamı bilir və hamı olmsa da, böyük əksəriyyət həmin o insanların düşdüyü faciəli vəziyyəti anlamağa çalışır. Amma axıra qədər anlaya bilirikmi?..
Məsələn, mən özüm onları yalnız Ə.Fətəlibəyli-Düdənginskinin İngiltərənin baş nazirinə yazdığı məktubunu oxuyandan sonra həqiqətən də başa düşməyə başladım…
Baltik ölkələrinin insanları hər şeyi sadə həll etdilər: orada paradlar da iki olur, birini almanların tərəfində döyüşənlər, digərini isə o əks cəbhədə-sovetlərin tərəfində vuruşanlar keçirir. Bəzən hətta aralarına dava da düşür…
Yox, demirəm ki, bizdə də iki parad olsun. O vaxtkı müharibəyə münasibətimizi çətinliklə olsa da, tamam müəyyən etmişik: 41-45-ci illərin müharibəsi faşizmə qarşı müharibə idi…
Amma cəmiyyətdə mübahisələr olur. Onlar indi də sezilir. Ona görə ki, suallar adamı sanki didib-çeynəyir…
Tutaq ki, 41-45-ci illərdəki ordu bizim ordumuz idi, vətən bizim vətənimiz və paytaxt da bizim paytaxtımız idi! Olsun…
Bəs 1990-cı ildə azərbaycanlıları qıran ordu kimin ordusu idi? Xocalıda qırğın törədən 366-cı alay kimlərin alayı idi? Mayın 8-də Şuşanı işğal edən ermənilərə dəstək verən ordu kimin ordusu idi?..
Qarabağın işğalının arxasında dayanan ordu kimin ordusu idi? Bəs “Ermənistan bizim Cənubi Qafqazda forpostumuzdur!” deyənlər kimlər idi?..
Bu suallara cavab verməyə tələsməyin. Çünki onların əsl cavabı çoxuna sərf etmir…
Bəli, müharibə faşizmə qarşı müharibə idi. Amma biz hər dəfə xüsusi canfəşanlıq etməyə də bilərdik-ən azı ona görə ki, bəli, mayın 8-də Şuşa işğal olunmuşdu. Bu şəhərə girən tanklar da sovet tankları idi, orada atılan güllələr də sovet gülləsi idi…
Həm də başqa bir SSRİ də vardı. O SSRİ İvan Denisovun yaşadığı, A.Soljenitsının təsvir etdiyi SSRİ idi… Bəli, sovetlərin vaxtında “Adi faşizm” adlı bir sənədli filmə baxmışdım. Filmə baxandan sonra ağlıma gələn ilk fikir bu oldu ki, İlahi, bu ki, SSRİ haqda, lap sovetlər haqdadır..



