
Qərbin aparıcı 7 ölkəsi – ABŞ, Almaniya, Fransa, Britaniya, Yaponiya, İtaliya və Kanadanın rəhbərləri Bavariyanın xizək kurortu Qarmiş-Partenkirxenə G7 sammitinə toplaşıblar.
Keçən il Krımın ilhaqına görə Rusiya G8 klubundan xaric edildikdən sonra dünyanın aparacı ölkəkərinin zirvə görüşü G7 formatında keçirilir.
Müşahidəçilərin proqnozlarına görə, Bavariyada keçirilən G7 sammitində əsas müzakirə edilən mövzu Ukraynadakı vəziyyət olacaq.
Gözlənildiyinə görə, sammit iştirakçıları “DXR” və “LXR”-ı dəstəkləməkdən çəkindirmək üçün Kremlə siyasi təzyiq göstərilməsi istiqamətində səyləri davam etdirəcəklər.
Bavariya zirvə görüşü ərəfəsi Kanadanın baş naziri Stiven Harper Rusiya prezidenti Vladimir Putinin Ukrayna məsələsində atdığı addımları ilə özünü gözdən saldığını bildirərək Putinin hakimiyyətdə olduğu dövrdə Rusiyanı G7 klubuna yaxın buraxmamağı təklif edib…
Almaniya, Britaniya və ABŞ Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalardan daha çox zərər çəkən ölkələrə Avropa İttifaqının yardım göstərməsi məsələlərini müzakirə etmək niyyətindədirlər.
İtaliyanın “Corriere della Sera” qəzetinə şənbə günü verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin Moskva ilə NATO arasında hərbi münaqişənin yarana bilməsi ehtimalını istisna edib.
G7 sammitində daha bir mühüm mövzu Yunanıstanın borc böhranı ilə bağlı olacaq.
Bundan əlavə, sammit iştirakçıları qlobal istiləşmə və Ebola epidemiyası ilə mübarizə yollarını müzakirə etməlidirlər.
Sammitin ikinci gününün “İslam Dövləti” və “Boko Haram” kimi radikal hərəkatların yaratdığı təhlükələrin müzakirəsinə həsr olunacağı güman olunur.
Bununla bağlı, gözlənildiyinə görə, bazar ertəsi günü Bavariyaya İraq, Nigeriya və Tunis rəhbərləri gəlməlidirlər (BBC).



