
Rusiyanın Amur vilayətinin Mixaylovski rayonunda azərbaycanlılarla ruslar arasında baş vermiş kütləvi dava ilə bağlı vilayət prokurorluğunda yenidən cinayət işi açılıb.
Amur vilayəti azərbaycanlıları konqresinin sədri Məhəmməd Əsgərovun APA-ya verdiyi məlumata görə, bir neçə azərbaycanlının güllə yarası alması ilə nəticələnən hadisəyə əvvəlcə rayon hüquq-mühafizə orqanları yanlış formada qiymət verərək, yalnız azərbaycanlıları müqəssir bilmək istəyib.
O bildirib ki, vilayətdə yaşayan azərbaycanlılar adından diasporun rəsmi müraciətindən sonra iş vilayət prokurorluğuna verilib və nəticədə yeni cinayət işi qaldırılıb. M. Əsgərov mayın 9-da baş vermiş hadisənin təfərrüatını da açıqlayıb.
M. Əsgərov qeyd edib ki, hadisə nəticəsində yaralanan İnşallah Həsənov, Vahid Rzayev və digər həmyerlilərimizin vəziyyəti yaxşı olsa da, Sədyar Həsənov sol gözünü itirib.



