Bu gün Bakıdakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzaya düşən 3 avstriyalının kimliyi müəyyənləşib.
“Qafqazinfo”nun sport7.az-a istinadən məlumatına görə, onlar Avstriyanın sinxron üzgüçüləridir.
Belə ki, qəzaya düşənlər 15 yaşlı Vanessa Şahinoviç, Ferena Brayt və Luna Payerdir. Şahinoviçin zədəsi çox ciddidir. O, çoxsaylı sınıq alıb.
Braytın zədəsinin o qədər də ciddi olmadığı, onun sağ ayağının baldırında qançırlar olduğu bildirilir. O, ilkin yardımdan sonra artıq xəstəxananı tərk edib. Payer isə əlindən yaralanıb. Hazırda Şahinoviçlə Payer “Semaşko”ya yerləşdiriliblər. Onların mümkün qədər tez Bakıdan Vyanaya aparılması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, qəza səhər saatlarında baş verib. I Avropa Oyunlarının nəqliyyat marşrutu üzrə hərəkət edən avtobus səkidə gedən idmançıları yaralayıb.
***
“Qafqazinfo”nun Komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Vanessa Sahinoviç və Luna Pajer əlavə müalicə almaq üçün Vyanaya geri dönüblər, Verena Breyt isə yüngül xəsarət aldığından komandaya qayıdıb.
“Qafqazinfo”



