Rusiya prezidenti Vladimir Putin az əvvəl Kremldə ölkənin dövlət suverenliyinin elan edilməsinin 25 illiyi münasibətilə rəsmi qəbul keçirib.
Virtualaz.org saytı Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Günü münasibətilə Putin ölkənin mədəniyyət və incəsənət xadimlərinin, tanınmış ictimai xadimlərin bir qrupuna yüksək dövlət mükafatları təqdim edib.
Təqdimetmə mərasimində çıxış edən Putin bildirib ki, ölkədə patriotizm ideallarını heç kim sarsıda bilməz.
“Patriotizm idealları ölkədə o qədər dərin və güclüdür ki, heç kim heç vaxt Rusiyanı yenidən kodlaşdıra, öz formatına uyğunlaşdırmağa nail ola bilməz. Bizi öz yolumuzdan ayırmaq, köklərimizdən təcrid etmək mümkün deyil”- deyə Putin bildirib.
Kremlin mətbuat xidməti bildirir ki, rəsmi qəbuldan dərhal sonra Putin Bakıya işgüzar səfərə yola düşmək üçün aeroporta gedəcək.




