
Sahib Məmmədov: “Burada əsas məsələ işə götürənin vicdanlı olmasıdır…”
Bir neçə gündür ki, paytaxtda anormal istilər müşahidə edilir. Havanın temperaturu 38-40 dərəcə arasında dəyişir. Belə istidə bayırda işləyənlərin hansı əziyyətə qatlaşdığını deməyə yəqin ki, ehtiyac yoxdur.
Əmək Məcəlləsinə görə, əgər havanın temperaturu 41 dərəcəni keçərsə, iş fəaliyyəti dayanmalıdır. Maraqlıdır, hərarət həddən artıq olarsa, həyati əhəmiyyətli peşələrdə fəaliyyəti dayanmalıdırmı? Ümumiyyətlə, Əmək Məcəlləsinin bu göstərişinə əməl olunurmu?
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirdi ki, əgər istidə fəaliyyəti dayandırılması mümkün olmayan bir iş sahəsidirsə, o zaman işə götürən işçilərə tez-tez fasilə və sərinləşdirici içkilər verməlidir:“Soyuq və küləkli havada dayandırıla, xüsusi tədbirlər görülə bilər. Əmək Məcəlləsində əvvəllər 45 dərəcə istidə işləməyin qadağan olunduğu tələbi qoyulsa da, onu dəyişdirərək 41 dərəcə ediblər. Temperatur 41 dərəcədən yuxarı olduqda əgər iş gedən məkanda temperaturu süni surətdə, yəni kondisioner, ventilyatorla dəyişmək mümkün olmursa, həmin yerdə işə götürən şəxs xüsusi tədbirlər göndərməlidir. Birincisi, işi dayandırmalıdır. Yox, işin dayandırılması mümkün olan sahə deyilsə, o zaman işə götürən işçilərə tez-tez fasilə və sərinləşdirici içkilər verməlidir. Həmçinin onları şlyapa kimi xüsusi geyim vasitələri ilə təmin etməlidir ki, işçiləri nə gün, nə də isti vursun”.
S.Məmmədov əksər vaxt Əmək Məcəlləsinə əməl olunmadığını bildirdi: “Bütün bu tələblərə əksər vaxt əməl olunmur. Məsələn, asfalt çəkənlər. Təsəvvür edin, isti hava, üstəlik, asfaltın temperaturu da gəlir onun üstünə, bu, tam bir işgəncədir. Bunların hamısı Əmək Məcəlləsində tənzimlənir. Amma əməl olunmur. Dövlət nəzarəti, dövlət əmək müfəttişliyi xidməti bununla bağlı tədbirlər görür. Amma onların bütün respublikada 270 nəfər işçisi var. Hər bir əmək müfəttişi gedib iş yerində dayana bilməz ki, bunu belə edin. 400-500 min ümumi, fiziki işə götürən şəxs var. Bunlara nəzarət etmək çox çətindir.
Burada işə götürənlərin özünün işçilərin qarşısında korporativ sosial məsuliyyəti, maddi məsuliyyəti var. Yəni işçinin sağlamlığına dəyən ziyana görə işə götürən cavabdehlik daşıyır və onu sığortalayır. Əgər işçini sığortalamayıbsa, buna görə də məsuliyyət daşıyır. Bunlar hamısı xərclər tələb edir. İşi saxlamaq istəmirlər. Ona görə də bu cür hallar baş verir. Düzdür, bizdə istivurmadan, günvurmadan ağır fəsadlara, ölümə gətirən hallar qeydə alınmır. Amma uzun müddət günün altında işləyən insanın səhhətinə ziyan verə bilər. Bunun fəsadları dərhal üzə çıxmaya, amma zaman-zaman öz təsini göstərə bilər. Buna görə də işə götürən öz işçisinə insan kimi baxmalıdır, qul kimi yox. İşçisinin qayğısına qalmalıdır. Burada əsas məsələ işə götürənin vicdanlılığı məsələsidir”.