
Türkiyədən Suriyaya İŞİD terrorçularının sızması və qeyri-qanuni yolla keçidlərin qarşısını almaq üçün sərhədə 3,5 metr hündürlüyündə istinad divarı çəkiləcək.
ANS PRESS-in məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyi Suriya sərhədində təhlükəsiz ərazi yaratmaq məqsədi sərhəddəki valiliklərə 20 milyon lirəlik vəsait göndərib. Hatay, Gaziantep, Kilis və Şanlıurfa əyalətləri “təhlükəsizlik divarı” üçün ortaq layihə hazırlayıblar.
Layihəyə görə, Türkiyə ilə Suriya arasında olan 911 kilometrlik sərhədə beton divarlar yerləşdiriləcək. Eyni zamanda, divarın Türkiyə hissəsində əlavə olaraq yüksək tel hasar da çəkiləcək. Təhlükəsizlik tədbirlərini izləmək üçün sərhəddə işıqlandırma və kamera sistemi quraşdırılacaq. Bu istinad divarı ABŞ-ın Meksika sərhədinə çəkdiyi divara bənzər şəkildə inşa ediləcək. Təhlükəsizlik zonasına sərf olunacaq xərcin yüksək olması səbəbiylə əlavə vəsait göndəriləcəyi də istisna edilmir.



