Kimlərsə ağlına gələn replikanı ortaya atıb, sosial şəbəkələr də bunu geniş şəkildə müzakirəyə çıxarıb
Cəmiyyətdə Avropa Oyunlarından sonra prezident İlham Əliyevin vətəndaşlara sürpriz hazırlığı haqda şayiələr dolaşmaqdadır. Artıq bütün diqqət “banklara olan borclar bağışlanacaq” fikirinə yönəlib. Məsələyə tanınmış ekspertlər də münasibət bildirməkdən çəkinmirlər. Onlar bu addımın real görünmədiyini iddia edirlər. Məlumat üçün bildirək ki, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mayın 1-nə olan məlumatına görə, ölkədə kredit təşkilatlarına borcu olanların sayı 2 milyon 414 min 122 nəfərdir. Bunların 2 milyon 381 min 592 nəfəri və ya 98.6 faizi fiziki şəxslər, yəni şirkət qurmadan sahibkarlıqla məşğul olanlar, ya da kiçik istehlak kreditləri götürən vətəndaşlardır. Bir sözlə, Azərbaycanda böyüklü-kiçikli hər 100 nəfərdən 25-i bankdan kredit götürüb. Bundan başqa, 1.1 milyon nəfər də var ki, onlar kredit götürən şəxslərə zamin durublar.
Məsələyə dair AİM.az -a açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev isə bildirib ki, banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər. Əllərində olan dollarları istifadə edə bilmirlər. Banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması az qala banklar üçün ciddi problemə çevrilib. Əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər, deyən iqtisadçı bildirib ki, həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur:
“Devalvasiyadan sonra insanlar banklara axın edib, öz əmanətlərini dollara çevirdilər. Banklar da manat qıtlığını aradan qaldırmaq üçün əhaliyə verilən kreditləri dollarla verməyə başladılar. Bu isə vətəndaşlara sərf etmədiyi üçün bankların bu qərarı onların etirazına səbəb oldu. Bütün bunların fonunda bankların da dollarla olan qazanclarını yerləşdirmək imkanları məhdudulaşıb. Onlar da dollarla yerləşdirilən əmanətlərin həcmini azaltmaq üçün faiz dərəcəsini aşağı salırlar. Əslində bu, gözlənilən idi. Çünki əhaliyə verilən kredit faizlərinin aşağı salınması üçün istənilən halda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınması zəruridir”.
A.Mehdiyevin sözlərinə görə, indiki halda dollarla qəbul edilən əmanətlər üzrə faiz dərəcəsinin kəskin aşağı salınmasının başlıca səbəbi bankların dollarla olan vəsaitləri yerləşdirməklə bağlı qarşılaşdığı problemdir. Əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınmasından sonra dollarla verilən kreditlərin faizinin aşağı salınma ehtimalına gəldikdə isə, ekspert deyib ki, banklar dollarla qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini, hələ ki, yenicə azaltmağa başlayıblar. Hələlik məlum deyil ki, əhali aşağı salınmış faizlərlə banklara əmanət qoymağa maraqlı olacaqlarmı? Ola bilsin ki, banklar bundan çəkindirici bir amil kimi də istifadə etsinlər:
“Yəni ki, insanlar dollarla qoyulan əmanətlərin faiz dərəcəsinin aşağı olduğunu görüb, öz vəsaitlərini banka manatla qoymaqda maraqlı olsunlar”.
Kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı yayılan məlumatların tamamilə əsassız olduğunu vurğulayan iqtisadçı belə bir hadisənin baş verməsinin mümkünsüz olduğunu deyib:
“Bu məsələ, ümumiyyətlə, müzakirəyə gəlməyən bir məsələdir. Kimlərsə ağlına gələn replikanı ortaya atıb, sosial şəbəkələr də bunu geniş şəkildə müzakirəyə çıxarıb. İndiki halda kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı məsələ ciddi müzakirə predmeti deyil. Daha doğrusu, müzakirə oluna bilməz. Alınan kredit mütləq ödənməlidir”.
“İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev də bu şayiələrin ölkənin və bank sektorunun indiki heç də yaxşı olmayan iqtisadi durumunda gerçəkləşəcəyinə şübhəli yanaşır:
“Bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.2 milyard manatı aşır. Təxminlərə görə, bunun 1/3-i vətəndaşların payına düşür. Bu baxımdan banklara olan borclara görə «ammnistiya» olacağını güman etmək sadəlövhlük olardı. Axı, devalvasiya həm də dövlət büdcəsini xilas edən addımlardan biri idi. Vəziyyət manatın məlum 19 fevral devalvasiyasından sonra daha da çətinləşib. Seçki ilində (bu ilin noyabrında Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək) ortada belə bir populist fikrin dolaşması anlaşılandır. Lakin reallıqdan uzaqdır”.



