
Odessa qubernatoru Mixail Saakaşvili sıravi odessalıları məhkəmə hakimlərinə nəzarət etməyə və izləməyə çağırıb.
Avropa.info xəbər verir ki, sakinlər bahalı həyat tərzi sürən hakimlərin avtomobilləri, yaşadıqları evlər haqda xəbərçilik etməlidirlər.
Saakaşvilinin belə maraqlı açıqlama ilə çıxış etməsinin səbəb kimi Odessanın Primorks rayon məhkəməsinin rüşvət üstündə tutulmuş iki polis əməkdaşını azadlığa buraxması olub.
“Məhkəmənin onlara təyin etdiyi girov pulunun məbləği gülüncdür. Normal ölkədə belə adamları içəri basırlar. Ukraynada isə belələrini azad edirlər” – deyə Saakaşvili bildirib.
Odessa qubernatoru məhkəmənin qərarından Apelyasiya məhkəməsinə şikayət edib. Son məlumata görə, məhkəmə bir polis haqda qərarı ləğv edib, digərinin girov məbləğini dəfələrlə qaldırıb.
Xatırladaq ki, 4 iyul tarixində Odessada rüşvət alarkən iki polis əməkdaşı yaxalanmışdı. Qaçmağa çalışan polislərə hətta xidməti silahdan atəş açılmışdı.



