
Samir Əliyev: “Bu dəfə manatın azı 20 faiz ucuzlaşması qaçılmazdır”
“Milli valyuta olan manatın yenə ucuzlaşacağı təhlükəsi aktualdır. Ekspertlər bu ehtimalları dəfələrlə vurğulasalar da, rəsmilər indormasiya verməyə tələsmir. İki gün əvvəl isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov yenə sükutu pozub və manatın gələcək taleyi ilə bağlı danışıb. Mərkəzi Bankın İdarə Heyətinin sədri ANS-ə açıqlamasında manatın devalvasiyası ehtimalları ilə bağlı iddialara cavab verib.
Baş bankir ölkənin maliyyə vəziyyəti ilə bağlı gözləntilərini də açıqlayıb: ”Neftin qiymətində ciddi dəyişikliklər baş verərsə, yəni 40 dollar olsa belə, Azərbaycan üçün təhlükəli deyil. Hazırda neftin bugünkü qiyməti 59 dollardır. Biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq. Belə olan halda manatla bağlı heç bir problem görmürəm”.
Ekspertlər isə bildirirlər ki, cəmiyyətdə Avropa Oyunlarından sonra manatın ucuzlaşacağı ilə bağlı fikirlər dolaşır. Ola bilsin, bu, baş versin. Amma səbəb heç də Avropa Oyunları bitdiyi üçün olmayacaq. Ekspert Samir Əliyevin sözlərinə görə, ümumiyyətlə götürdükdə, manatın devalvasiyası təhlükəsinin sovuşduğunu demək tezdir: “Bu təhlükə hələ ki qalır və hökumətin planından çıxmayıb. Ola bilsin, mövcud vəziyyət manatın sabitliyi üçün zəmin yaradır, ancaq bu daimi deyil. Milli valyutanın taleyi dünya bazarlarında neftin qiymətindən asılıdır. Neft uzun müddət 60-70 dollar intervalında qalıb. Ancaq yaxın bir həftədə son 3 ayda ilk dəfə olaraq psixoloji həddi keçib və hətta 55 dollara qədər ucuzlaşa bilmişdi. Yunanıstan böhranı, Çin iqtisadiyyatında gözlənilən enişlər və İranın bazara çıxmaq potensialı nefti ucuzlaşdırıb. Ona görə də manatın çətin günləri yenidən başlayıb. ”Qara qızıl” ucuzlaşmaqda davam edərsə, 40-50 dollar həddinə enərsə və bu eniş uzunmüddətli olarsa, devalvasiya məsələsi yenidən gündəmə gələcək. Bu dəfə manatın ən azı 20 faiz ucuzlaşması qaçılmazdır”.

Ekspertin sözlərinə görə, manatın aldığı zərbə təkcə London Əmtəə Birjası deyil: “Bu, məsələnin görünən tərəfidir. Əsas problem kapital axınıdır. Son iki ayı nəzərə almasaq, Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının səbəblərindən biri də məhz bu amil olub. Hökumətin kapital axınının qarşısını inzibati yolla almağa çalışması müvəqqəti səmərə verə bilər. Necə ki, may-iyun aylarında bunu müşahidə etdik. Ancaq bu, müvəqqəti xarakter daşıyır. Kapital axını davam edəcək. Xüsusilə də iri sahibkarlardan zorla kredit ödənişi tələb edilməsi təcrübəsi bu prosesi daha da sürətləndirir. Neftin indiki qiymət səviyyəsində və kapital axınının qarşısının ”çüy”lə saxlanması fonunda böyük ehtimalla ən azı seçkiyə qədər 1 dollar 1,03-1,06 manat çərçivəsində saxlanacaq. Ancaq yuxarıdakı səbəblərdən biri dəyişsə, manat ucuzlaşacaq. Tədiyyə balansının 3 aylıq vəziyyəti manat üçün narahat siqnallar çalır. Tədiyyə balansının 6 aylıq vəziyyəti siqnalın nə dərəcədə təhlükəli olduğunu göstərəcək”.
S.Əliyev qeyd edib ki, makroiqtisadi geriləmə büdcə icrasına da təsir edib: “Büdcə icrasında artıq problemlər görünməkdədir. Neft sektorundan asılı olan qeyri-neft sektoru getdikcə zəifləyir. Həm vergi, həm də gömrük yığımında çətinliklər yaranıb. Hökumətin büdcədən iqtisadiyyata pul buraxılışını məhdudlaşdırması bir tərəfdən bank sektoru üçün problemlər yaradır, digər tərəfdən sosial baxımdan neqativ təsirlər göstərir: bir sıra müəssisələr ya bağlanır, ya da dayanır, kütləvi ixtisarlar baş verir, tikinti işləri zəifləyir. İqtisadiyyata pul buraxılması isə inflyasiyanı stimullaşdıra bilər və bu da manat üçün əlavə təzyiqdir”.
Ekspertin fikrincə, hökumət hazırda çətin seçim qarşısındadır: Ya pul kütləsini məhdudlaşdırmaqda davam etməklə inflyasiyanı cilovlamağa, manatı qorumağa nail olmaq, amma əvəzində iqtisadiyyatı tənəzzülə aparmaq. “Ya da iqtisadiyyata pul buraxmaqla bank sektorunu dirçəltmək və iş yerlərini bərpa etmək, ancaq bu halda da kəskin qiymət artımı və devalvasiya ilə üzləşə bilər. Hələ ki birinci addım atılır. Hökumətin sonrakı davranışını zaman göstərəcək. Bir məsələ aydındır ki, neft bahalaşmasa, bizi çətin günlər gözləyir”,- deyə ekspert vurğulayıb.