Bakının ən böyük və ən bahalı qəbiristanlıqlarından olan Yasamal qəbiristanlığının köçürülməsi haqqında artıq bir neçə ildir ki, müzakirə gedir. Lakin bu müddət ərzində nə konkret bir qərar qəbul edilib, nə də hər hansı bir addım atılıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin köçürülməsi nəzərdə tutulan qəbiristanlıqlar siyasında ilk yeri Yasamal qəbiristanlığı tutur. Səbəb isə odur ki, bu ərazidən keçən avtomobil yolu genişləndirilsə, bu, Bakının Badamdar şosesindən Parlament prospektinə qədər olan yolu tıxacdan xilas edə bilər.
Yasamal qəbiristanlığını ikiyə bölən, xristian və müsəlman qəbiristanlıqları arasındakı bu yol hazırda da istifadə olunur. Lakin çox ensiz olduğundan iki avtomobilin yanaşı keçməsi mümkün deyil. Yol genişləndirilərkən məzarların bir qisminin, yoxsa bütün qəbiristanlığın köçürüləcəyi, eləcə də, haraya köçürüləcəyi bəlli deyil.
Musavat.com-un müxbiri adı köçürülmədə hallanan məzarlığa baş çəkərək, oradakı indiki durumla maraqlanıb.
Qeyd edək ki, Bakının ən böyük qəbiristanlıqlarından biri olan Yasamal qəbiristanlığının təqribən 1 əsrə yaxın yaşı var. Belə ki, ötən əsrin 30-cu illərində Azərbaycana düşmənçiliyi ilə fərqlənən qatı bolşevik Sergey Kirovun heykəlini Bakının ən uca məkanında – Dağüstü Parkda qoymaq üçün qədim Çəmbərəkənd qəbiristanlığı sovet hökuməti tərəfindən dağıdılıb. O zaman Bakı sakinləri əzizlərinin məzarlarını Yasamala köçürüblər, köçürülməmiş məzarların üstü isə şumlanaraq, yerində park salınıb. 50 ildən sonra park yenidən məzarlığa dönüb və 20 Yanvar şəhidləri hazırda orada uyuyurlar.
Yasamal qəbiristanlığının yaranması haqqında danışan Hacı Şakir adlı molla dedi ki, qəbiristanlığın sökülməsi haqqında söhbətlər getsə də, bu, baş tutmayacaq, çünki mümkünsüzdür: “Bu qəbiristanlıq uzunluğu 3 kilometrdən çoxdur. Belə söhbətlər gəzirdi ki, guya sökəcəklər, yolda tıxacın qarşısını almaq üçün… Ancaq hələ ki, heç bir hərəkət yoxdur. Mətbuatda yazılar getsə də, bu, baş verməyəcək, sökülməyəcək”.
Hacı Şakir onu da qeyd etdi ki, qəbiristanlıqların sökülməsi şəriətə ziddir: “Dində də göstərilib ki, yaşı 1 əsrdən az olan qəbirləri sökmək olmaz. Gərək, qəbirlərin izi itsin. Qəbirlərin köçürülməsi yalnız müstəsna hallarda baş verə bilər”.
Çəmbərəkənd qəbiristanlığına nəzarət edən Etibar adlı şəxs deyir ki, Yasamal qəbiristanlığında söküntü ilə bağlı yalan məlumatlar dolaşır: “Hamı bilir ki, bu qəbristanlıqlarda Azərbaycan qarşısında böyük xidmətləri olan insanlarımız, vətən uğrunda canını qurban verən oğullarımız yatır. Burada ictimai xadimlər, mədəniyyət adamları, elm xadimləri dəfn olunublar”.
Həmsöhbətim dedi ki, burada rus, yəhudi qəbiristanlıqları da var. Qəbiristanlıqlar bir-birindən ayrılıb:“Onlar çox sadə və ucuz başa gələn qəbirlər sifariş edirlər. Bizim qəbirlər hazırlanarkən isə həddindən çox israfa yol verilir. Dəbdəbəyə çox önəm veririk. Ən bahalı mərmər daşlardan istifadə edib, bər-bəzək veririk. Lakin bu dəbdəbəli məzarlara ziyarət az olunduğundan onun dəbdəbəli olduğu heç görünmür. Baxımsızlıqdan üstünü kol-kos basır”.
Həmsöhbətimin dediyinə görə, buradakı rus və yəhudi qəbiristanlığı daha baxımsız vəziyyətdədir: “Onlar demək olar ki, ölülərini nadir hallarda, bayramlarda ziyarət edirlər. Bizim millət isə ölüsünə daha çox dəyər verir. Düzdür, kimsəsiz, ziyarətçisi olmayan məzarlar da var. Lakin dini bayramlarda buraya gələnlərin sayı çox olur”.
İslam dinində qəbirlərin köçürülməsinə icazə verilməsi hallarına gəlincə, bir çox din xadimlərinin fikrincə, məzarların köçürülməsinə bəzi zəruri hallarda icazə verilir. Lakin dində əsassız yerə qəbirin açılması, köçürülməsi yolverilməzdir.
Bu barədə ilahiyyatçı Hacı Şahin Həsənlinin rəyi belədir ki, qəbiristanlığın yol çəkilişi məqsədilə köçürülməsi vacib sayılırsa, yol çəkilməsi mütərəqqi bir əməldir və islam dinində insanların rifahı, rahatlığı naminə olan bütün əməllər bəyənilir: “Bu məqsədlə qəbiristanlığın köçürülməsinə heç kim etiraz edə bilməz. Köçürülmə isə şəriət qaydalarına uyğun olmalıdır. Bir müsəlmanın məzarının köçürülməsi üçün əlavə hansısa ibadətə ehtiyac yoxdur. Çünki vəfat etdikdən sonra meyitlə bağlı bütün ibadətlər icra olunub. Deyək ki, meyit qüsulu verilib, kəfənlənib, cənazə namazı qılınıb. Qəbirlərin köçürülməsi zamanı əməl olunmalı yeganə tələb qəbrin üzü qibləyə tərəf olmasıdır. Dəfn olunan şəxsin qohumları istəsələr, qəbrin köçürülməsi prosesində iştirak edə bilərlər. Amma bu da vacib deyil. Məzarın üstündə “Qurani-Kərim” oxunması da artıq mərhumun doğmalarının, yaxınlarının istəyinə bağlıdır. Yəqin ki, bu iş dövlət səviyyəsində həyata keçiriləcək, qəbir sahiblərinə müəyyən kompensasiyaların ödənməsi də mümkündür. Bəlkə də bahalı qəbirlər olduğu kimi digər qəbiristanlığa köçürüləcək. Amma məsləhət budur ki, insanlarımız əvvəlcə etdiyi səhvləri bir də təkrarlamasınlar, təmtəraqlı məzarüstü abidələr qoymaqdan imtina etsinlər”.
Məğrur Salmanov,
Fotolar müəllifindir.