
İran ilə Rusiya hücumların Bəşər Əsəd rejiminin devrilməsinə yönəldiləcəyindən qorxur
ABŞ-ın hərbi qüvvələri avqustun 5-də Türkiyədəki İncirlik hərbi hava bazasından Suriyada İŞİD qruplaşmasına qarşı ilk hücumu həyata keçirdi. Rəsmi Vaşinqtonun bu addımı təbii ki, birmənalı qarşılanmır və buna ilk dəstəyi Türkiyə verir, İran və Rusiya isə bu hücumu “qorxulu addım” kimi qiymətləndirir, bu məsələdə ehtiyatlı davranmağa çalışır.
ANS PRESS-in məlumatına görə, Pentaqon bildirib ki, ABŞ hərbi qüvvələrinin nümayəndələri ABŞ dronlarının və hərbi təyyarələrinin Türkiyənin cənubundakı bazada yerləşdirilməyə başladığı gün baş verən ilk hücumun pilotsuz təyyarələr tərəfindən həyata keçirilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu birgə əməliyyatların başlanılağını elan edərək bildirib ki, İŞİD ekstremistlərinə qarşı genişmiqyaslı əməliyyatın İŞİD-in Suriya vətəndaş müharibəsində döyüşən müxalifət qüvvələrinə yaratdığı təhlükəni azaldacaq: “Türkiyə terror təhlükəsi altındadır. İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlanılacaq.”
Ankara və Vaşinqton Suriyanın Türkiyə ilə sərhəd yaxınlığındakı ərazilərinin İŞİD döyüşçülərindən təmizlənməsi üçün birgə hərbi əməliyyatlar keçirməyi planlaşdırır.
ABŞ dövlət katibi Con Kerri və Mövlud Çavuşoğlu Suriyada vəziyyəti Kuala Lumpurda iştirak etdikləri Asiya Regional Sammiti çərçivəsində görüş keçirərək müzakirə ediblər.
Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü diqqət çəkib. Rusiya XİN rəhbəri İŞİD qruplaşmasının regionda hamı üçün təhlükə olduğunu deyib, lakin bununla belə Suriyada, üsyançı tərəflər də daxil olmaqla müxtəlif qruplar arasında qarşıdurma olduğuna görə İŞİD silahlılarına qarşı mübarizə məsələsində birgə yanaşmanın olmadığını söyləyib.
S.Lavrov və C.Kerri ABŞ və Rusiya rəsmilərinin İŞİD-ə qarşı mübarizə məsələsi ilə bağlı görüşləri davam etdirməli olduqları məsələsində razılığa gəliblər.
İran isə məsələyə fərqli mövqe sərgiləyir və regionda baş verən proseslərə üçüncü qüvvələrin daxil olmasını istəmir. ABŞ-ın Suriyanı vurmasından dərhal sonra İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıb və ondan vəziyyətlə bağlı məlumat alıb.
Mətbuatın yazdığına görə, rəsmi Ankara Tehranı inandırmağa çalışır ki, bu hücumlar Suriyaya qarşı deyil, orada məskən salan İŞİD silahlılarına qarşıdır. Təbii ki, İran Bəşər Əsəd rejiminin devrilməsində maraqlı deyil və ona görə də bölgədə baş verən hadisələri diqqətlə izləyir. Elə bu məqsədlə yaxın günlərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ankaraya səfərə gələcəyi gözlənilir.
Bir sözlə, ABŞ-ın Türkiyənin cənubundakı İncirlik hərbi bazasından İŞİD terror qruplaşmasına ilk zərbə endirməsi dünyada geniş rezonans doğurub. Türkiyənin ABŞ liderliyindəki koalisiya ilə birlikdə İŞİD terror qruplaşmasına qarşı “hərtərəfli döyüşə” başlamaq planı rəsmi Dəməşqi ciddi anlamda narahat edir. Suriya rəsmilərinin fikrincə, Dəməşqlə razılaşdırılmamış hər hansı hərbi əməliyyat ölkənin suverenliyini pozacaq.
Türkiyə hakimiyyəti ötən ay ABŞ-na ölkə ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə zərbələrin vurulması üçün aviasiyadan istifadə etməyə icazə verib. Yəni, Adana vilayətinin İncirlik rayonunda yerləşən eyni adlı hərbi baza İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin istifadəsi üçün açılıb. Əsas hədəf İŞİD və “Əl-Nüsra” kimi radikal terror qruplaşmalarıdır. Ehtiyac yaranacağı təqdirdə ABŞ və koalisiya qüvvələrinə məxsus İncirlik bazasından qalxan qırıcılar Türkiyə hava sahəsindən keçərək İraq və ya Suriyanı vuracaq. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Barak Obama telefon danışığı zamanı bu məsələnin müzakirə ediblər.
Bir sözlə, görünən odur ki, regionda vəziyyət getdikcə gərginləşir. Türkiyə terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün səy göstərir. ABŞ İŞİD silahlılarına qarşı hərbi əməliyyatları genişləndirir. Rusiya və İran bölgədəki problemlərin diplomatik yolla, danışıqlar əsasında həllinə üstünlük verir. Ümumi nəticənin necə olacağı isə zaman çərçivəsində bəlli olacaq.