Siyasi şərhçi Elxan Şahinoğlu PKK terror təşkilatının Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmasına münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə fikirlərini sosial şəbəkədə bölüşüb:
“PKK Bakı-Tiflis-Ərzurum boru xəttini niyə ikinci dəfədir partladır? Türkiyəyə İran və Şimali İraqdan da neft və qaz ötürülür, terrorçular heç bu boru xətlərini hədəf götürmürlər. Niyə Bakı-Tiflis-Ərzurum? Tutaq ki, birinci dəfə bu təsadüf idi, terrorçular “əllərinə keçən” boru xəttini partlatdılar. İkinci dəfə partladırlarsa, bu artıq düşünülmüş aksiyadır və bu “kənar oyunçuların” digər rəqib “oyunçulara” mesajıdır. İstisna etmirəm ki, Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaq “xahişini” PKK-dan xarici qüvvələr ediblər. Əvəzində PKK-ya ya pul, ya da silah vədi veriblər. Bu o qüvvələrdir ki, Azərbaycan və Mərkəzi Asiyanın zənginliklərinin Türkiyə üzərindən dünya bazarlarında daşınmasında, TANAP-ın həyata vəsiqə qazanmasında, beləcə Azərbaycanın maliyyə imkanlarının genişlənməsində, Türkiyənin isə regionda çəkisinin artmasında maraqlı deyillər. 3 belə maraqlı qüvvə var: Rusiya, Ermənistan və erməni lobbisi. İstisna etmirəm ki, PKK maliyyə və ya silah qarşılığında Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaq əmrini və ya xahişini bu 3 qüvvədən birindən alıb”.



