Polis Biləsuvar, Xaçmaz və Qubada narkotik əməliyyatları keçirib.
Sumqayıt şəhər sakini Vahidov Saməddin Zöhrab oğlu tanışı və həmyerlisi Əliyev Bəhlul Balaş oğlu ilə adı hələlik istintaqa məlum olmayan İran vətəndaşından narkotik maddə almaq üçün Biləsuvar rayonunun Xirmandallı kəndinə gəliblər. Onlar külli miqdarda narkotik maddəni alıb geri qayıdarkən polis Saməddin Vahidovu yaxalayıb. Digər şəxs Bəhlul isə hadisə yerindən qaçıb.
Saməddin Vahidovun çantasına baxış keçirilərkən oradan narkotik maddə və xarici ölkəyə getmək üçün qatar biletinin olduğu məlum olub. Saxlanılan şəxs polisə verdiyi ifadəsində narkotik maddəni əldə etdikdən sonra Rusiya Fedarasiyasına qaçmağı planlaşdırdığını bildirib. Hazırda faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Digər şübhəli şəxslərin də tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Ramin Məhəmmədova məxsus həyətyanı sahədən çəkisi 8 kiloqram 640 qram, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fərhad Məmmədova məxsus sahədən çəkisi 3 kiloqram 825 qram olan kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir (Region TV).



