Son aylar bir çox xidmət və ticarət sahələrində bahalaşma müşahidə olunsa da, əhalini ən çox ərzaq məhsullarının bahalaşması narahat edir. Ötən ayın sonlarından başlayaraq, həm sənaye, həm də kənd təsərrüfatı məshullarının qiymətləri nəzərə çarpacaq dərəcədə artıb. Bahalaşma rəsmi şəkildə də təsdiqini tapıb.
Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, avqust ayı ərzində buğda ununun, makaron məmulatlarının, toyuq ətinin, balıq məhsullarının, yumurtanın, bitki yağlarının, limonun, kələmin, göyərtinin, pomidorun, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, qara və yaşıl çayın, spirtli içkilərin qiymətlərində bahalaşma müşahidə olunub. Gündəlik tələbat məshullarında olan bahalaşma əhalinin maddi durumuna, ərzaq səbətinə də təsirsiz ötüşməyib.
Hazırda kənd təsərrüfatı məhsullarının qiymətinin nə vəziyyətdə olmasını öyrənmək üçün “8-ci kilometr” bazarına üz tutduq.
Bazarda alıcıdan çox satıcı gözə dəyirdi. Bazar günü olmasına baxmayaraq, alıcılıq aşağı səviyyədə idi. Piştaxtalar arxasında əyləşən satıcılar alıcılara məhsullarını bəyəndirmək üçün dəridən-qabıqdan çıxırdılar. Alıcılıq aşağı olsa da, məhsulların çeşidi bol idi. İnsanlar istədiyi məhsulu seçib ala bilirdilər.
Bazardakı vəziyyəti satıcıların öz dilindən öyrənmək üçün onlardan bir neçəsi ilə söhbət aparmalı olduq.
Ərşad adlı satıcı alıcılığın azalmasından şikayətlənir: “Son vaxtlar alıcılıq aşağı səviyyədədir. Diqqət edirsinizsə, bazarda gediş-gəliş azalıb. Camaatda pul yoxdur. Keçən ilə baxanda bu il həm də, məhsul qıtlığı var. Bu il bölgələrdə quraqlıq olduğu üçün məhsul azalıb”.
Qeyd edək ki, Musavat.com-un kamerasına danışan satıcılar bildiriblər ki, bazarda ən çox kartofun və mövsüm meyvələrinin qiymətində artım müşahidə olunduğur.
Daha ətraflı təqdim edəcəyimiz videoreportajdan izləyə bilərsiniz
Məğrur Salmanov
Fotolar və video müəllifindir










