
Polşanın “Tines Capital Group SA” şirkəti Bakı Metropolitenində yeni xəttin tikintisində iştirak edəcək. Artıq tərəflər arasında bütün əsas məsələlər razılaşdırılıb və Polşa şirkəti hazırda Azərbaycandan dəvət gözləyir.
Bunu Report-a açıqlamasında şirkətin baş direktoru Tomaş Şuba bildirib. “Bakı Metropoliteni ilə bütün məsələlər, o cümlədən müqavilənin şərtləri, layihənin texniki əsaslandırması, hüquqi aspektlər razılaşdırılıb. İndi müqavilənin imzalanması üçün təkcə dəvət gözləyirik”, – deyə T.Şuba qeyd edib. Layihənin mahiyyətindən danışan baş direktor bildirib ki, Polşa şirkətinin təkliflərində yolun üst quruluşunun montaji və tədarükü nəzərdə tutulur: “Bizim konstruksiyalarımız müasirdir. Bu layihəmiz təcrübə xarakteri daşıyır. Bundan sonra isə ciddi şəkildə əməkdaşlıqdan danışa bilərik”. Layihənin dəyəri 2 milyon avro təşkil edir. T.Şuba müqavilənin sentyabrda imzalanmasını istisna etməyib.
Qeyd edək ki, “Tines Capital Group SA” hazırda Tiflis şəhərində yolun üst quruluşunun montaji və tədarükünü həyata keçirir. Bu konstruksiya Minsk, Xarkov, Sankt-Peterburqda da tətbiq edilib.



