
“YAP siyasi hakimiyyəti ATƏT-i ölkədən çıxardı. Avropa Şurasını, Avropa Parlamentini, AŞPA-nı tərəfli, baiskar və erməni maraqlarına xidmət edən elan etdi. Avropa Birliyinə inteqrasiyadan imtina etdi. Dövlət başçısı İlham Əliyev nazirlərə Avropaya inteqrasiyadan danışmağı belə qadağan etdi. ABŞ isə ölkədə rəngli inqilablar hazırlamaqda günahlandırıldı. Bütün bunlar sonunda YAP-ın təkhakimiyyətlilik iddialarını daha da artırmış olmaqla bərabər, hazırki ölüvay siyasi vəziyyəti də formalaşdırmış oldu”.
Cebhe.info xəbər verir ki, bunu AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev Facebook səhifəsində yazıb.
Razi Nurullayevin fikrincə, sanki ölkədə seçki yoxdur:
“Siyasi partıyalar yıpradılıb, bəziləri müxtəlif yollarla ələ alınıb, kimlərəsə də sakit dayanmaq üçün göstəriş verilib. ATƏT-in və digər demokratik təsisatların ölkədən qovulması, vətəndaş cəmiyyətinin zəiflədilməsi və fəaliyyətinin kəskin məhdudlaşdırılması, onlarla vətəndaş cəmiyyəti rəhbərinin günahsız yerə həbsə atılması ölkə üçün acı fəlakətlər doğurub. YAP deyir ki, demokratik cəmiyyət qurmuşuq, amma əfsuslar olsun ki, demokratik cəmiyyət iştirakçıları sanki siyasi qəfəsə salınıb. Azərbaycanda demokratik açılıma ehtiyac var. Qorxu və təhdid altında idarəçilik sonunda daha böyük arzuolunmaz nəticələrə gətirə bilər. Görünən budur ki, iqtidar idarə olunan bir demokratiya yaratmaq arzusundadır. Amma, bu alınmır. Çünki hər şey alınıb-satıla bilməz. İnsan qəlbinə, düşüncəsinə hökm edilsə də, istənilən effekti yaratmaq gücündə deyil. Əfsuslar olsun ki, belə bir şəraitdə fəaliyyət göstərmək, yeni ideyalar və düşüncələri də cəmiyyətə yeritmək çətinləşir. Azərbaycan əslində keçid mərhələsindədir. Onun üçün də beynəlxalq demokratik təsisatların da ölkədə olması şərtdir. Nə qədər gec deyil, YAP qərarına yenidən baxmalı və ATƏT-in fəaliyyətini bərpa etməlidir. Cəmiyyətdə belə bir fikir var ki, müxalifətin proqramı yoxdur. Bu düzdür, amma dünyada qəbul edilmiş praktikalar var. Amerika kəşf etmək də lazım deyil”.
Razi Nurullayev ölkədə normal cəmiyyət qurmağın yolunu da göstərib:
“Əgər Azərbaycanın siyasi hakimiyyəti Avropa Birliyi, ATƏT, Avropa Şurası ilə düzgün iş qursa və inteqrasiyaya maraqlı olsa, o zaman ölkəni keçid vəziyyətindən çıxara və normal cəmiyyət qura bilərik. Əslində, Azərbaycanın siyasi hakimiyyətinin legitimliyi azad və şəffaf seçkidən keçir. Azad və şəffaf seçki isə ATƏT-in, Avropa Birliyi, Avropa Şurasının tam nəzarəti ilə həyata keçirilməli və beynəlxalq aləm tərəfindən azad və şəffaf seçki kimi tanınmalıdır”.



