
Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, qaçqınlar Avropa sərhədlərinə təhdiddir.
Avropa.info xəbər verir ki, Orbana görə onlar Avropanın “qapılarını sındırır”. Bu səbəbdən Avropa Birliyi ölkələri vahid mövqe göstərməlidir.
“Onlar bizi süpürüb atacaqlar. Onlar nəinki qapımızı döyürlər, hətta sındırırlar, qırılmış hissələr isə bizim başımıza düşür. Macarıstan təhlükə altındadır və bütün Avropa” – deyə Orban bildirib.
Yaxın Şərqdən gələn qaçqınlar Qərbi Avropa ölkələrinə getmək üçün ilk növbədə Macarıstana gəlirlər. Orban Berlin və Vyananı sərhədlərini miqrantların üzünə bağlamağı çağırıb. Macar baş nazirə görə, o ölkələr qapılarını bağlamasa milyonlarla qaçqın gəlməyə davam edəcək.
Qeyd edək ki, Macarıstan qaçqın axını üzündən 14 sentyabrda sərhədlərini bağlamışdı.



