
Qərb ölkələri və Türkiyə artıq Əsədli keçidə razılaşır, Yaxın Şərqdə əsas prioritet terrora qarşı mübarizə olur, Rusiya Suriyada qazanan tərəfə çevrilir
Suriya böhranının həlli ilə bağlı son günlər bir neçə istiqamətdə hərəkətlilik artıb. Həm döyüş cəbhəsində, həm də diplomatik danışıqlarda qeydə alınan fəallaşma Suriya böhranının həlli ilə bağlı ilin sonuna qədər ciddi dəyişikliyin olacağı ilə bağlı iddiaları təsdiqləyir.
İlk növbədə birbaşa döyüş meydanında güc parametrləri dəyişib. Son zamanlara qədər daha çox müdafiə xəttində olan Suriya ordusu rusların hərbi dəstəyi artırması ilə cəbhədə güclənib. Ötən həftə ABŞ mediası Rusiyanın Tartus və Laziqiyyə şəhərləri ətrafına, o cümlədən paytaxt Dəməşqə əlavə qüvvə və texnika göndərməsi ilə bağlı məlumatları yaymasının ardınca rusların iştirakı ilə İŞİD-ə qarşı effektiv hava zərbələri haqda məlumatlar yayılmağa başladı. İddialara görə, son hava zərbələrini ən son Rusiya modelli təyyarələr modern bombalardan istifadə etməklə həyata keçirir. Hətta bombardmanların dəqiq hədəfə vurması faktı da bunu rusların həyata keçirməsi ilə bağlı iddialara səbəb olub.
Yeri gəlmişkən, ötən gün Rusiya mediası Çinin Aralıq dənizinə təyyarədaşıyan gəmi göndərməsi ilə bağlı məlumatlar yayıb. Yaxın Şərqdə son olaraq ən ciddi hərbi-siyasi hadisə Bağdadda Rusiya, İran, İraq və Suriyanın iştirakı ilə terrora qarşı birgə informasiya mərkəzinin qurulması oldu. Bu mərkəz vasitəsilə 4 ölkə İŞİD-ə və terror qruplaşmalarına qarşı fəaliyyətlərini koordinasiya edəcək, informasiya mübadiləsi həyata keçirəcək.

Ancaq hələlik ruslar Suriyaya yalnız texnika və silah dəstəyi verdiklərini etiraf edirlər. Nyu-Yorkda səfərdə olan Rusiya prezidenti Vladimir Putin isə ABŞ-n CBS telekanalına müsahibəsində Suriyada yerüstü əməliyyatlara qatılmaq fikrilərinin olmadığını deyib. Putin deyib ki, Rusiya Suriyada legitim hökuməti dəstəkləyir. Ancaq əlavə edib ki, Rusiyanın Suriyada quru əməliyyatlarına qatılmaq planı yoxdur. Lakin əlavə edib ki, Bəşər Əsəd və digər ölkələrdəki müttəfiqlərə dəstəyini artırır. Putin onu da deyib ki, Əsədə yardım etməklə Rusiyadan Yaxın Şərqdəki terrorçu qruplara qoşulanların geri dönməməsinə çalışır: “Onların ölkəyə geri dönməsini gözləmək əvəzinə, Əsədə onlara qarşı savaşmaq üçün yardım etmək daha yaxşıdır. Yəni bizi Əsədə dəstək verməyə vadar edən əsas səbəblərdən biri də məhz bu amildir. Ümumi olaraq bölgədə sabitliyin yaranmasına çalışırıq”.
Qeyd edək ki, bu açıqlama ilə Putin bir daha öz ölkəsi üçün İŞİD təhdidindən ciddi narahatlıq keçirdiyi və bu təhdidin keçmiş sovet respublikaları ərazilərinə yayılmaması üçün onun Yaxın Şərqdə məhv edilməsinə çalışdıqlarını etiraf edir.
Putin həmçinin Qərb ölkələrinin Suriya siyasətini sərt tənqid edib. Suriyalı müxaliflərin “təlim-təchiz” proqramını uğursuz adlandırıb. Rusiya prezidenti deyib ki, bu proqrama qatılanlar sonradan terror təşkilatlarına qoşulurlar.
Qeyd edək ki, Rusiyanın Yaxın Şərqdə antiterror əməliyyatlarına qoşulması hazırlığı və son aylarda müşahidə olunan aktiv diplomatiya Suriya böhranının həlli ilə bağlı ümidləri artırıb. Məsələ burasındadır ki, hələlik açıqlanmasa da, ehtimallara görə, iyulun 14-də İran və “altılıq” ölkələri arasında əldə olunan nüvə razılaşmasında Suriya böhranı da müzakirə olunub. Çünki artıq son aylarda İran Suriya böhranı ilə bağlı aktiv diplomatik həmləyə keçib. Eyni zamanda terror təhdidinin günü-gündən artması dünya ölkələrinin Suriya böhranına qarşı münasibətini dəyişib.

Artıq Avstraliya, İspaniya, o cümlədən Almaniya hakimiyyətləri Suriya böhranının həlli ilə bağlı Bəşər Əsədin də daxil olduğu keçid prosesini qəbul etməyə çağırırlar. ABŞ dövlət katibi Con Kerri ötən həftə Londonda verdiyi açıqlamada, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva səfərindən dönərkən verdiyi açıqlamada Bəşər Əsədin də daxil olduğu keçid hökumətinin qəbul edilə biləcəyini deyib. Fransanın radikal sağçı Milli Cəbhə Partiyasının lideri Marine Le Pen də yerli televiziyaya verdiyi açıqlamada Rusiyanın Suriya siyasətinə dəstək verdiklərini deyib. Bütün bunlar onu göstərir ki, artıq Suriya ilə bağlı ortada ciddi bir həll planı var. Görünən odur ki, Rusiya və İranın çalışmalarını indi artıq ABŞ və Suriya mövzusunda ən barışmaz mövqedə olan Türkiyə hökuməti də qəbul edir.

Suriya mövzusunda ən ciddi danışıqlar isə bazar ertəsi günü Nyu-Yorkda Obama və Putin arasında keçiriləcək görüşdə baş tutacaq. Çox böyük ehtimalla iki qüdrətli dövlətin qərarı Suriyanın gələcək taleyini müəyyən edəcək. Əsas taktika isə Yaxın Şərqdə terrorun aradan qaldırılması, bundan sonra Suriyada mötədil müxalifətin də təmsil olunduğu keçid hökumətinin qurulması, yeni seçkilərin keçirilməsi, konstitusiyanın qəbul olunması olaraq nəzərdə tutulub. Bir neçə ay əvvəl ərəb mediasında yayılan bu planın hazırda reallaşmağa doğru getdiyini görmək mümkündür.