Elxan Şahinoğlu deyir ki, müharibə riskli olsa da, Azərbaycanın alternativi variantı da yoxdur
Qarabağ münaqişəsi tədqiqatı, Carnegie Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Tomas de Vaal münaqişənin yenidən alovlana biləcəyini deyib. Azadlıq radiosuna müsahibəsində nüfuzlu tədqiqatçı deyib ki, tərəflər hazırda kiçik miqyaslı müharibənin astanasındadır.
Tomas de Vaal deyib ki, Azərbaycan tərəfi mövcud status-kvonu dəyişdirməyə çalışır. Onun fikrincə, hazırda cəbhədə baş verən gərginlikdə hakimiyyətlərin marağı var…
Qeyd edək ki, bir sıra ekspertlərə görə, hakimiyyət məhz kiçik miqyaslı lokal müharibə ilə Ermənistanı cəbhədə üstələmək və bununla da İrəvanı sülhə vadar etməyə çalışır. Azərbaycan hakimiyyətinin son addımları da buna hesablanmış kimi görünür.
Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Azərbaycan əbədiyyətə qədər atəşkəsi qoruyacağına dair üzərinə öhdəlik götürməyib. Bu mənada ekspert savaşın yenidən alovlanmasını real sayır: “Hətta 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs razılaşmasına görə, tərəflər qısa müddətdə sülh müqaviləsi imzalamalıydılar. Belə bir müqavilə yoxdur. Demək işğal altındakı torpaqların azad olunması haqqında düşünməliyik. Azərbaycandan fərqli olaraq Ermənistanın danışıqlarda müsbət nəticə əldə etmək kimi dərdi yoxdur. Bu 20 ildə sülh danışıqlarının nəticə verməyəcəyi bizə bəlli oldu. Deməli, torpaqların danışıqlar yoluyla geri qaytarılmasının mümkün olmayacağını özümüz üçün yəqin etməliyik. Yerdə qalır ikinci alternativ – işğalçını hərb yolu ilə sülhə məcbur etmək”.
E.Şahinoğlunun fikrincə, rəsmi Bakının son illərdə silahlanmaya böyük maliyyə ayırması hökumətin savaş planının olduğuna işarədir: “Azərbaycan son illərdə silah və texnikaya ona görə milyardlarla dollar ayırmayıb ki, bunlar istifadəsiz qalsın. Həmin texnika işğalçıya qarşı istifadə olunmalıdır. Əlbəttə, bu zaman işğalçı da bizə zərbə endirəcək və biz də itkilərlə üzləşəcəyik. Ancaq başqa alternativimiz yoxdur. Gözləməklə torpaqlar geri qayıtmayacaq. Beynəlxalq aləmin bizim xeyrimizə qərar verərək Ermənistan zorla işğal altındakı torpaqları boşaldacağına da ümid qalmayıb. Beynəlxalq aləm bilməlidir ki, Ermənistan Dağlıq Qarabağın ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa razı olmasa toqquşmaların artımı qaçılmazdır və bu rayonlar danışıqlarda Azərbaycana qarşı şantaj predmeti ola bilməz. Çünki Ermənistan bu rayonları Dağlıq Qarabağda refendumin keçirilməsi şərti ilə, özü də bir qismini azad etməyə razıdır. Bu isə əsl şantajdır”.
Ekspertin fikrinə, atəşkəsin son günlərdə intensiv pozulması BMT sessiyası çərçivəsində diqqəti işğal faktına yönlətmək olub. Ancaq E.Şahinoğlu bu taktikanın nəticə verəcəyinə, sülhü yaxınlaşdıracağına inanmır: “Bəli, diqqət oldu, dünya televiziya kanalları lokal döyüşlər və itkilər barədə xəbərlər yaydılar. Ayrıca, həmsədr dövlətlərin prezidentləri elə BMT sessiyası çərçivəsində Dağlıq Qarabağla bağlı ortaq bildiri yaydılar, Fransa prezidenti sessiyadakı çıxışında xüsusi olaraq Azərbaycanla Ermənistan arasındakı gərginlikdən narahat olduğunu vurğuladı. Ancaq bütün bunlar həmişəki kimi söz olaraq qalacaq. Çünki Suriyada müharibə var, İŞİD terroru var, Krımın işğalı və Donbas separatçılarına Rusiyanın dəstəyi var. Dünyanı narahat edən əsas mövzular bunlardır. Ancaq hətta bu mövzular olmasaydı belə, mən beynəlxalq birliyin qollarını çırmalayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacağını zənn etmirəm”.
Ancaq ekspertə görə, lokal müharibənin özü də Azərbaycan üçün böyük riskdir və sonrakı mərhələdə nələrin olması aydın deyil: “İşğalın ortadan qaldırılması yalnız bizi narahat etməlidir. Bəli, bu zaman xeyli suallar ortaya çıxacaq: Azərbaycan ordusu hücuma keçərsə Rusiyanın qərarı və addımları necə olacaq? Boru xətlərini təhlükə gözləyəcəkmi? Müharibəyə nə qədər pul xərclənəcək? İtkilərimiz arta bilərmi? Ancaq əgər bu sualların içində itib batsaq gərək torpaqların azad olunması haqqında düşünməyək. Əlbəttə, lokal toqquşmaların genişlənməsi halında bizi müxtəlif çətinlik gözləyə bilər. Bu halda ”torpaqları hərb yoluyla azad etmək üçün riskə getməyə dəyərmi” suallının aktuallığı artır. Mənim özümün də bu suala konkret cavabım yoxdur. Ancaq onu da anlayıram ki, əməli fəaliyyətə keçməsək məsələ heç zaman bizim xeyrimizə həll olunmayacaq”.