Dünya bazarında neft ucuzlaşandan sonra əksər neft ixrac edən ölkələrdə sosial-iqtisadi vəziyyətin gərginləşməsi prosesi başladı. Təbii ki, bu proseslər Azərbaycandan da yan keçmədi. Çünki Azərbaycan iqtisadiyyatı 70 faiz etibarı ilə neftdən və ondan gələn gəlirlərdən asılıdır. 2015-ci ilin ilk aylarından başlayaraq milli valyutanın dəyərdən düşməsi, inflyasiya səviyyəsinin yüksəlməsi, ümumi daxili məhsulun artım tempinin aşağı düşməsi qaçılmaz proses oldu.Devalvasiyadan sonra yaranan böhran birbaşa Azərbaycanda uzun müddət neftdən asılı iqtisadiyyatın qurulmasının nəticəsidir. İllər uzunu iqtisadçıların təkliflərinə, xəbərdarlıqlarına baxmayaraq, hökumətdə daxil olan neft pullarına arxayınçılıq yaranmışdı. Hələ 2007-2008-ci illərdən təkliflər var idi ki, hökumət qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirməli, neftdən asılılıq elə neft gəlirlərinin hesabına aradan qaldırılmalıdır. Amma nədənsə bunlar baş vermədi və neft pullarına olan arxayınlıq sosial-iqtisadi problemlərin dərinləşməsinə səbəb oldu…
Neft 50 dollar civarına enəndən sonra qeyri-neft sektorundakı müəssisələrin də fəaliyyəti iflic oldu. Çünki qeyri-neft sektorundakı şirkətlərin əksəri məmur-oliqarxlara bağlı idi və orada “fırlanan” pullar birbaşa istehsal gəlirləri yox, dolayısı ilə neft gəlirləri idi. Nəticədə, fəaliyyəti dayanan müəssisələrin sayı onlarla, iş yerlərini itirən vətəndaşların sayı isə on minlərlədir…
Hazırda bütün rayonlarda əhalinin durumu pisləşməkdə davam edir. Ötən illərdə işsizlik səbəbindən gənclərin respublikanı tərk etməsi baş vermışdı. İndi böhran Rusiyada və digər ölkələrdə də baş verdiyindən, xaricdən göndərilən pullar da 70-80 faiz azalıb. Bu isə ailələrin əksəriyyətinin maliyyə durumunun çətinləşməsinə daha bir səbəbdir. Digər tərəfdən, əhalinin əmlak baxımından təbəqələşməsi səbəbindən orta statistik azərbaycanlı ailəsi çox ağır duruma düşüb. Ölkədə son 10 ildə varlı, çox varlı və olduqca varlı təbəqələr formalaşıb. Ancaq orta təbəqənin formalaşması baş verməyib. Həmçinin, vətəndaşların böyük hissəsi neft və qaz gəlirlərindən daxil olan mənfəətdəki paylarından da inhisarçılıq, absurd idarəetmə sistemi və korrupsiya səbəbindən məhrum olub. Faktiki olaraq, sosial ədalətsizliyin aradan qaldırılması yönündə ciddi addımlar atılmaması səbəbindən böhran dövründə vəziyyət daha da dramatikləşib.
Amma obyektivlik naminə bir məqamı da qeyd edək: Qazaxıstan, Ukrayna, Gürcüstanla müqayisədə bütün arzuolunmazlıqlara rəğmən, Azərbaycan bu sınaqdan daha üzüağ çıxdı. Maraqlı bir məqam da odur ki, yaranmış yeni situasiyada Azərbaycanın əmək bazarı xaricilər üçün getdikcə daha cəlbedici görünür. Ölkə rəhbərliyinin iradəsindən, verilən sərəncam və fərmanlardan də görünən budur ki, ölkə iqtisadiyyatının neftdən asılılığını qarşıdakı müddətdə azaltmaq üçün aqrar sahənin, turizmin inkişafına səy göstərilir. Əlbəttə, vəziyyət nə qədər gərgin olsa da, çıxılmazlıq sindromu müşahidə olunmur. Yetər ki, iqtisadi sferada köklü islahatlar başlasın. Azərbaycanda korrupsiya və inhisarçılığı aradan qaldımaqla, aqrar sahəni və turizmi ən qısa müddətdə maksimum səviyyədə inkişaf etdirmək mümkündür. Bunun üçün ölkədə təbii şərait çox münbitdir. Eyni zamanda istehsal müəssisələrinin yaradılması və fəaliyyətini dayandırmış fabrik-zavodların bərpası da diqqətdən qaçırılmamalıdır. Bu, həm işsizliyin aradan qaldırılması, həm Azərbaycanın daxili bazarının yerli məhsullarla təchizatı, həm də xarici bazarlara çıxış üçün çox vacibdir.



