Milli Məclis 2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsini spiker Oqtay Əsədovun sədrliyi ilə davam etdirir. İclasda baş nazir Artur Rəsizadə iştikar etməsə də, Nazirlər Kabinetinin bir sıra üzvləri müzakirələrə qatılıb. Deputatlar müzakirələr boyu prezidentin büdcədən qənaətlə istifadə etməyin zəruriliyi barədə dediklərinə istinad edib indiki dövrdə əlavə vəsait tələb etməyin düzgün olmadığını deməklə yanaşı, ehtiyatlı şəkildə daha zəruri problemlərin həlli üçün maliyyənin artırılmasını istəyirilər.
Deputat İlham Məmmədov çıxışında kənd təsərrüfatının inkişafına diqqət yetirilməsini zəruri saydı və bunun üçün böyük potensialın olduğunu vurğuladı. Qeyd etdi ki, bu sektora diqqət gələcəkdə qeyri-neft sektorunun inkişaf etməsi üçün ən əsas amillərdən biri demək olacaq. O, bölgələrdə suvarma işləri ilə bağlı subartezian quyularının vurulması üçün büdcədə əlavə xərclərin nəzərdə tutulmasını təklif etdi. “2016-cı ilin büdcə layihəsi reallığa əsasən hazırlanıb. Dünyada iqtisadi xaos və böhranın hökm sürdüyü zamanda dünya iqtisadiyatının tərkib hissəsi olan Azərbaycan büdcəsinin tərtib olunması yüksək peşəkarlıq tələb edir. Mliyyə naziri də qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2 əsas xarici amil təsir edib – xam neftin qiymətinin 2 dəfə aşağı düşməsi və region dövlətlərində milli valyutaların kəskin devalvasiyası. Ancaq ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün bunların öhdəsindən peşəkarlıqla gəlir”. Deputat Azərbaycanda qeyri-neft sektorunun inkişafının davam etdirilməli, lüzumsuz xərclərin aradan qaldırılmalı olduğunu qeyd etdi. Milli Məclis üzvü kənd təsərrüffatı sahəsinin inkişafı haqda da danışıb. O, 2016-cı ilin dövlət büdcəsinin sosial yönümlü olmasının insanları rifahı üçün önəmliliyini vurğuladı: “Sadələşdirilmiş vergi sisteminin tətbiq sahəsinin genişləndirilməsi kiçik və orta sahibkarlığın daha da inkişafına şərait yaradacaq ki, bu da büdcəyə əlavə gəlirlər gətirəcək”.
Rafiq Məmmədhəsənov büdcə layihəsini təqdir edib maliyyə naziri Samir Şərifov və onun komandasına təşəkkür etməklə yanaşı bir problemi də qaldırdı. Deputat Gədəbəyin 123 km-lik ərazidə sərhəd kəndlərinin yerləşdiryini deyib onların, eyni zamanda Tovuz sakinlərinin xahişini hökumətə çatdırdı: “Onların dövlətdən bir xahişi var: bizim kəndlrəə qaz çəkin, başqa heç nə istəmirik”.
Jalə Əliyeva büdcə layihəsinin “akademik səviyyədə” hazırlandığını söylədi. Xanım deputat aztəminatlı ailələrin mənzil problemlərinin həlli üçün sosial mənzillərin tikilməsi, ipoteka şərtlərinin azaldılması, müəllim və həkimlərin ipotekadan bəhrələnməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsini vacib saydı. “Ölkədə iqtisadi inkişaf uğurla davam edir və gəlirlərin azalması fonunda büdcədə xərclərin ötən illərlə müqayisədə nisbətən artması müsbət tendensiyadır. Xərclərin mümkün olduğu qədər azaldılmasını tələb edən bugünkü reallıqlar zəminində büdcədən əlavə vəsaitlərin istənilməsi düzgün olmazdı. Amma bəzi həlli vacib məsələlərə diqqət mütləq ayırmalıdır. Aztəminatlı ailələrə sosial evlərin tikilməsi üçün əvvəlki illərdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi, ipoteka şərtlərinin yündgülləşdirilməsi, təhsil, səhiyyə işçilərinin ipoteka almasına yardımçı olmaq vacibdir. Çox vəsait tələb etməyən layihələr üçün dövlətimizin imkanı var. Ölkədə aparılan qazlaşdırma siyasətinin bir hissəsi olaraq təmsil olunduğum Zərdab rayonunun Sarıqaya kəndinə qaz çəkilir. Lakin həmin evlərin bir hissəsinin Kür çayının bəndinə yaxın yerləşməsi ora qaz xəttinin çəkilməsində problemlər yaradır və kənddə qaz çəkilişi yarımçıq qalıb. Kəndə qaz çəkilişi bir neçə aydır gecikir və heç bir halda həllini tapmır. Hökumət üzvlərindən həmin kəndin ərazisindən keçən qaz layihəsinin reallaşması üçün mümkün olanları əsirgməmələrini xahiş edirəm”.
Azay Quliyev büdcə layihəsini yüksək dəyərləndirdi: “Büdcənin müqayisəli təhlili daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu, digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə etməklə həyata keçirməlidir. Sadə insanlar da büdcənin iqtisadi inkişafımıza hesablandığını və əhalinin sosial rifah halının nəzərə alındığını görməlidir. MDB üzrə orta göstəricidən Azərbaycanın iqtisadi artım tempi 6 dəfə çoxdur. Hətta bu artım tempi Avropanın bir sıra ölkələrini qabaqlayır. İkinci mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan büdcədə, nəhayət qeyri-neft sektorunu tamamilə qabarıq göstərməyi bacarıb. Artıq Azərbaycan iqtisadiyyatı neftdən asılılığını kifayət qədər azaldır və gələn il büdcəyə daxil olan 2 manatdan biri qeyri-neft sektorunun payına düşəcək. Üçüncü müqayisə ondan ibarətdir ki, büdcəyə daxilolmaların azalmasına baxmayaraq, əsas prioritet istiqamətlər üzrə artım müşahidə edilir. Məsələn, əmək haqqının ödənilməsinə yönəldilən xərclərin faizi 21,7, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 11,2 faiz, ümumi dövlət xərclərinin 21,2 faiz artırılması büdcənin ən uğurlu göstəricilərindən hesab olunur. Nəzərə almalıyıq ki, analoji göstəricilər Macarıstan büdcəsində xeyli aşağıdır, Polşada müdafiə xərcləri 5,4 faiz azalacaq. Gürcüstan büdcəsində artım 0,4 faiz olacaq. Azərbaycanda isə müdafiə xərcləri 4,4 faiz artacaq. Hesab edirəm ki, bizim düşmən ölkəyə olan növbəti mesajımızdır”. Deputat qeyd etdi ki, büdcə gəlirlərinə görə mütləq reytinqi regionda yenə də Azərbaycan saxlayır: “Məsələn, qonşu ölkələrlə müqayisədə təkcə Cənubi Qafqaz üzrə müqayisə aparsaq görərik ki, Azərbaycanın büdcə gəlirləri Ermənistan və Gürcüstanın hər ikisinin ümumi götürülmüş büdcə gəlirlərindən çoxdur: Real sektorda kənd təsərrüfatının dəstəklənməsinə baxsaq, burada da kifayət qədər artım görürük. Kənd təsərrüfatının bu gün dəstəklənməsi gələcəkdə qeyri-neft sektorunun dayanaqlı inkişafına verilən əsas zəmanətlərdəndir. Gələn il qonşu Rusiyada kənd təsərrüfatı üzrə xərclər 26 faiz azalacaq, bununla belə Azərbaycanda bu xərclər kifayət qədər artır”.
Azay Quliyev 30 min yerinin bağlanmasının ciddi mesaj olduğunu da qeyd etdi: “67 min iş yeri açılıb, onun 30 mini bağlanılıb.Düşünürəm ki, bizim büdcənin diqqət göstərəcəyi əsas məsələlərdən olmalıdır. İxracyönümlü iqtisadiyyatın dəstəklənməsi, vergi güzəştləri, yaxud vergi mexanizmləri vasitəsilə stimullaşdırılması da hesab edirəm ki, çox mühüm məsələlər sırasındadır. Şirvan şəhəri ilə bağlı iki məsələni diqqətə çatdırmaq istəyirəm. Orada uşaq bağçası tikilməsinə ehtiyac var. Bu gün Şirvanda 7200 nəfər azyaşlı uşaq var və orada 560 yerlik uşaq bağçası fəaliyyət göstərir. “Kürmost” deyilən ərazidə qəzaya uğrayan məktəbin təmiri çox vacibdir. Nazirlər Kabinetinin bununla bağlı qərarı da var”.
Eldar İbrahimov gələn ilin xərclərində sosialyönümlü xərclərin üstünlük təşkil etməsinə diqqət çəkdi: “Bu, sübut edir ki, diqqət Azərbaycan xalqının rifahına yönəlib. Neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərməkdədir. Azərbaycan iqtisadiyyatında önəmli rolu olan neftin qiymətinin aşağı düşməsi büdcəmizə təsirsiz ötüşməzdi. Ancaq ölkəmiz prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün neqativ halların qarşısını peşəkarlıqla alır və iqtisadiyyatımız davamlı inkişaf edir”. Deputat Azərbaycan hökumətinin düzgün yol seçərək Dövlət Neft Fondundan asılılığı azaltdığını, qeyri-neft sektoruna üstünlük verdiyini vurğuladı: “Dövlət büdcəsində gəlirlər azalsa da, sosial sahələrə ayrılan maliyyə vəsaiti azalmayıb. Bu isə, büdcə tərtib edilərkən əsas diqqətin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldiyini göstərir. Kənd təsərrüfatına ayrılan vəsait də azalmayıb və əksinə artım olub. Ölkə başçısı kənd təsərrüfatının inkişafını prioritet istiqamət kimi qoyub və bu sahədə işlər uğurla aparılır”.
Sahibə Qafarova, Aqiyə Naxçıvanlı və Rəfael Hüseynov büdcə layihəsini müdafiə etməklə yanaşı, bəzi təkliflərini səsləndirdilər.
Xanhüseyn Kazımlı dedi ki, yüksək səviyyədə hazırlanmış dövlət büdcəsinə səs vermək məqamının olduğunu bildirdi.
Asim Mollazadə çıxışında bildirdi ki, son on ildə ilk dəfədir tamamilə fərqli vəziyyətlə üzləşirik, büdcə artmır: “Biz hər il büdcənin artmasına öyrəşmişdik. Bunun da səbəbi bizim fədakar neftçilərimiz idi. İndi isə dünyada şərtlər dəyişib, neftin qiyməti aşağı düşüb”. A.Mollazadə büdcədə xüsusi kateqoriyalı vətəndaşların diqqətdən kənarda qalmaması üçün müharibə əlilləri və şəhid ailələrinin təminatı üçün addımlar atılmaldıır: “Vətəndaş əmin olmalıdır ki, dövlət onun torpaqları üçün qan tökmüş, şəhid olmuş insanları unutmayacaq”. A.Mollazadə sahibkarlığın inkişafına diqqəti artırmağa da çağırdı, çoxsaylı yoxlamalara son verməyə çağırdı: “Biz ASAN xidməti sahibkarların fəaliyyəti ilə bağlı da tətbiq etməliyik”. Peşə təhsili, ali təhsilin inkişafı istiqamətində ciddi addımlar atılmasını da zəruri saydı. Dedi ki, mükəmməl təhsil almış peşəkarlar iqtisadiyyatın inkişafına töhfə verə bilər.
Astan Şahverdiyev də ipoteka kreditlərinin həcminin artırılması və faizlərinin aşağı salınmasını zəruri saydı.
Gövhər Baxşəliyeva problemlərdənsə, görülən işlrədən danışmağı məqbul hesab edib, təmsil olunduğu Bərdənin 104 kəndindən 94-də qazlaşmanın başa çatdığını, su təchizatının yaxşılaşdığını qeyd etdi. Eyni zamanda təkliflərini səsləndirdi. O, imkan olanda uşaq evlərindəki əlil uşaqlara baxan şəxslərin müavinətini artırmağı təklif etdi.
Muxtar Babayev Sumqayıtda 65 yataqxanının olduğunu, onların əksəriyyətinin 60-cı illərdə tikildiyini söylədi: “Onların istismarı bitib, bəziləri qəzalı vəziyyətdədir. Heç olmasa onların təmirinə büdcədən vəsait ayrılması vacibdir”. Deputat Sumqayıtın istilik probleminin olduğunu da qeyd etdi. Dedi ki, istilik sisteminin bərpasına büdcədə cəmi 18 milyon nəzərdə tutulub: “Bu vəsaitin neçə faizi Sumqayıta ayrılacaq, deyə bilmərəm”.
Məlahət İbrahimqızı dedi ki, dünyada və bölgədə gedən prosesləri nəzərə alaraq büdcəmizin mükəmməl hazırlandığını deyə bilərik: “Avropanın bir çox ölkələrində kəmərsıxma prosesi gedir, gəlir vergiləri artırılır. Prezident öz çıxışında bir daha bizim prioritetlərimizin nədən ibarət olduğunu qeyd etdi”. Deputat BMT-də Minilliyin inkişaf hədəfləri ilə bağlı ölkə prezidentinə “Cənub-Cənub” mükafatının verilməsini xatırlatdı, bildirdi ki, bu mükafat yoxsulluğun və işsizliyin aradan qaldırılması, ana, uşaq ölümünün azaldılması, təhsilin inkişafı, kənd təsərrüfatının inkişafı və sair məsələlərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin təsdiqidir.
Sevinc Fətəliyeva təmsil olunduğu dairənin problemlərindən, xüsusilə də Zığ və Hövsanın su, yol problemindən bəhs etdi, onların həllinə çağırdı.
Əhliman Əhiraslanov 2015-ci ildən həyata keçirilən əhalinin və xəstəxanaların mərkəzləşmiş şəkildə tərmanla təchiz olunması ilə bağlı qəbul olunan qərarın yüksək səviyyədə həyata keçirildiyini dedi: “Bu gün elə bir cərrahiyyə əməliyyatları yoxdur ki, Avropada, Amerikada həyata keçirilsin, bizdə həyata keçirilməsin”. Deputat xəstələrin qidalanması üçün ayrılan vəsaitin çox az olduğunu dedi və bahalaşma şəraitində vəsaitin artırılmasını istədi.
Abel Məhərrəmov bildirdi ki, büdcə zərfindəki məbləğ ümumi cari illə müqayisədə aşağı olsa da, deputatlar milli təəssübkeşlik və milli birlik məsələlərini əsas götürüb büdcə layihəsini yüksək qiymətləndirir: “Bu da bizim milli birliyimizin təzahürüdür”.
A.Məhərrəmov 2016-cı il büdcəsinin 2012-ci il büdcəsi ilə üst-üstə düşdüyünü qeyd etdi: “Amma həmin il biz 11-ci dövlət olaraq kosmosa süni peykimizi buraxdıq. Deməli, gələn il də uğurlarımız az olmayacaq”. A.Məhərrəmov dedi ki, rektoru olduğu BDU il ərzində 60-dan çox layihələri reallaşdırır ki, bunun da ümumi gəliri 5-7 milyon dollar olur: “Yəni biz özümüz də işləməliyik, yalnız büdcədən ayrılan vəsaiti gözləməməliyik”. A.Məhərrəmov ali təhsil müəssisələrindəki layihələrin maliyyələşməsini təklif etdi.
Müzakirələr davam edir.



