Rusiya və ABŞ-ın İŞİD-lə mübarizə adı ilə PKK-nın Suriya qolu PYD-yə etdiyi silah yardımına Türkiyənin ciddi reaksiya göstərməsinin səbəbləri ortaya çıxıb.
Avropa.info xəbər verir ki, Türkiyənin 24 iyuldan sonra Qəndildə keçirdiyi hava əməliyyatlarında PKK-nın gizli silah anbarları vurulmuşdu. Vurulan anbarlarda ABŞ-ın PYD-yə verdiyi, ancaq PKK-nın əlinə keçən silahlar olduğu müəyyən edilmişdi.
Qəndildə tank əleyhinə mina, minaatan, avtomatik tüfəng və zenit raketlərinin olduğu gizli anbarlar pilotsuz təyyarələrindən çəkilən görüntülər, kəşfiyyat məlumatları ilə aşkarlanmışdı. Türkiyə F-16-ları xüsusi qüvvələrin verdiyi məlumat sayəsində gizli sursat anbarlarının yerlərini havadan vuraraq məhv etmişdi .
Gizli silah anbarının vurulmasının ardından ortaya çıxan mənzərə isə Ankaranı şok edib. Gizli anbarının ətrafında üç ayrı partlayış baş verib. Bu partlayışlardan sonra, gizli anbara tunellərlə bağlanmış 3 ayrı digər gizli anbar olduğu müəyyən edilib və həmin anbarların külü göyə sovrulub. Məlum olub ki, ABŞ-ın PYD-yə verdiyi silahlar bu anbarlarda saxlanılırmış.
ABŞ-ın Suriyanın şimalındakı kürd qruplara silah verəcəyi açıqlanmasından sonra ABŞ səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdı. Burada keçirilən görüşdə səfirə PYD-yə veriləcək silahların PKK-nın əlinə keçəcəyi dəqiq bir şəkildə izah edilib.
Bu arada PYD-nin PKK-ya F-16 qırıcılarına qarşı istifadə etmək üçün zenit “Stinger” raketi istədiyi haqda məlumat əldə edilib. Bu silah PYD-yə məhz ABŞ tərəfindən verilib.




