Səfiyar Abuzər oğlu Behbudov 1988- ci ildə başlanan Azərbaycan Milli Azadlıq hərəkatının öncüllərindən idi. Rəsm sənətinə hədsiz marağı vardı. Bərdə şəhərində yaşayan bu gənc, yaşadığı rayonun maketini hazırlamışdı.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü qeyrətli Azərbaycan oğlu kimi Səfiyarın da yenicə yaradılmış Azərbaycan Ordusu sıralarına daxil olmasına səbəb oldu. Bərdə Ərazi Özünümüdafiə Taboruna üzv yazıldı. Az sonra manqa komandiri kimi fəaliyyət göstərdi.
XX əsrin ən dəhsətli faciələrindən olan Xocalı soyqırımı zamanı S. Behbudov ön xətdə idi. O, ağır yaralıların çıxarılmasında yaxında iştirak edirdi.
1992-ci ilin martında Ağdam-Əsgəran istiqamətində, Qaraqaya deyilən ərazidə gedən döyüşlər zamanı düşmənin çoxlu sayda texnika və canlı qüvvəsini məhv edən leytenant S.Behbudovun idarə etdiyi PDM ermənilər tərəfindən vurulur. O, ağır yaralandığı üçün düşmənin zabit və əsgərləri tərəfindən əsir götürülür. İşgəncə verilsə də, sirr vermir. Onu tikanlı məftilə bağlayıb sürüyürlər. Səfiyara işgəncə verildikcə, onun səsi ratsiya vasitəsilə Azərbaycanın əsgər və zabitlərinə eşitdirilir və… az sonra qətlə yetirilir.
Doğmaları onun meyitini çox böyük çətinliklə, martın 21-də geri alırlar. Səfiyar anadan olduğu Bərdə rayonunun Mollalı kəndindəki qəbiristanlıqda dəfn olunur.
Şəhid Milli Qəhrəmanın xatirəsi Bərdə ictimaiyyəti tərəfindən böyük ehtiramla yad olunur. Burada milli vətənpərvərlik ruhunda mütəmadi tədbirlər keçirilir. Bu günlərdə məktəbin pedaqoji kollektivi şəhidin məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri düzmüşlər. Anım mərasimində şəhidin bacısı, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri Naibə xanım Behbudova, “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələrinin Müdafiəsi” ictimai birliyinin Bərdə rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli şəhid Sərhəd Zöhrabbəyovun həyat yoldaşı Etibar xanım Hüseynova, habelə, rayon ziyalıları və şəhidin döyüşçü dostları da iştirak edirdilər.
Məktəbin direktoru Elşad Məmmədov Səfiyar Behbudovun ömür yolu barədə məlumat verdi. O, vətənsevərliyilə ad çıxarmış S.Behbudovun adının Bərdə şəhər 6 saylı tam orta məktəbə verilməsinin zərurətdən yarandığını qeyd etdi. Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov Səfiyar kimi vətənpərvər insanların Azərbaycanın uşaq və gənclərinə nümunə olduğunu bildirdi.
Şəhidin bacısı Naibə Behbudova qardaşının xatirəsini əziz tutan hər bir kəsə ailə üzvləri adından təşəkkür etdi.
P.S. Təəssüflə bildirməliyəm ki, ötən ildən əsaslı təmirə başlanmış bu təhsil ocağında hələ də təmir işləri yarımçıq qalıb. Məktəblilər soyuq sinif otaqlarında dərs keçməyə məcburdurlar. Xatırladıram ki, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov adına 6 nömrəli Bərdə şəhər tam orta məktəbində 385 şagird təhsil alır.
Şamil Sabiroğlu,
“Ana harayı” qəzetinin baş redaktoru




