
İranın dini lideri Xamneyinə məxsus olduğu bildirilən televiziya kanalında türklərin təhqir olunmasına etiraz olaraq bir neçə gündür soydaşlarımız Azərbaycanın güneyində aksiya keçirir. On minlərlə insanın qatıldığı etiraz aksiyalarında “Haray, haray mən türkəm”, “Azərbaycan əyilməz, türkün beli bükülməz”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və s. milli şüarlar səslənir. Qeyd edək ki, fars televiziyalarında türklərin təhqir olunması halı dəfələrlə təkrarlanıb.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, ölkəmiz Güneyində yaşayan bacı və qardaşlarımızın haqq səsinə səs verib onlara hər formada dəstəyini ifadə etməlidir: “Amma acınacaqlı hal odur ki, Quzey Azərbaycan dövlətini dünyada mövcud olan 50 milyon azərbaycanlının dövləti hesab edənlərdən rəsmi və ya qeyri- rəsmi şəkildə səs- soraq çıxmır. Eləcə də soydaşlarımızın etiraz səsindən diksinən bəzi “siyasətçilər” bu dirənişdən uzağa gedən yanlış nəticələr çıxaraq Azərbaycanın birləşməsini ölkəmiz üçün növbəti fəlakət kimi qələmə verməyə çalışırlar. Milli-mənəvi dəyərlərdən, dövlətçilik anlayışından uzaq olan bu yanaşmalar dolayısı ilə həm də soydaşlarımızın haqq səsinə etiraz, fars şovinizminə isə dəstək deməkdir.
Amma kimsə zamanı qabaqlamağa və münəccimlik etməyə tələsməsinlər. Zamanı gələndə Azərbaycan xalqı öz sözünü deyəcək. Unutmayaq ki, Azərbaycan dünyanın bölünmüş xalqlarından biridir. Bütün bölünmüş xalqlar gec- tez öz bütövlüyünə və birliyinə nail olur. O cümlədən Azərbaycan da bu tarixi yolu inşallah keçəcək. O gün uzaqda deyil. İndiki anda biz Azərbaycanın güneyində öz milli- mənəvi dəyərlərin müdafiəsinə qalxan bacı və qardaşlarımızı müdafiə etməli, onların tələblərinə qatılmalıyıq”.



