Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması üçün Rusiyanın İrəvana təzyiq etməsi haqda məlumatlar Ermənistan cəmiyyətində ciddi ajiotaj yaradıb.
Publika.az bu ölkənin KİV-nə istinadən xəbər verir ki, erməni siyasətçilər əhalini sakitləşdirmək üçün heç bir güzəştin olmadığını israrla bildirirlər.
Rəsmi İrəvan Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “münaqişənin həll olunmasında prinsiplərin ayrı-ayrı götürülməsi mümkün deyil” açıqlamasını əhaliyə arqument kimi təqdim edir. “1.in” saytı yazır ki, Uorlik sülhməramlıların bölgədə yerləşdirilməsindən danışarkən ərazilərin qaytarılmasını nəzərdə tutmayıb.
Bu aradan həmsədrlərin münaqişənin həlli üçün yeni təkliflərinin olduğu deyilir. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz də bildirib ki, bu ilin sonuna kimi prezidentlərin görüşəcəyinə və həmsədrlərin yeni təkliflərini müsbət qarşılayacaqlarına inanırlar. Lakin söhbətin hansı təklifdən getdiyi bəlli deyil. Ehtimallara görə, bura 2016-cı ildə ATƏT-ə sədrlik edəcək Almaniya ilə bağlı hansısa element daxildir.
Erməni siyasətçilər işğal olunan torpaqların geri qaytarılmasına dair Rusiyanın təzyiqi ilə yanaşı, Minsk qrupunun münaqişənin yeni təklifləri ilə də üz-üzə qalıblar və bu, onları çıxılmaz vəziyyətə salır.
Bu arada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının öz əksini tapması İrəvanda daha ciddi təşvişə səbəb olub.
Ermənistan parlamentinin iclasında söylənən fikirlər və hökumətin ünvanına səslənən tənqidlər də bunu deməyə əsas verir.
Misal üçün, müxalifətdən olan deputat hökumətin diplomatiyasının zəif olduğunu, Azərbaycan diplomatiyası qarşısında aciz qaldığını bildirib.
Spiker Qalust Saakyanın cavabı isə maraqlı olub.
O, “Unutmaq lazım deyil ki, biz təkcə Azərbaycanla deyil, Türkiyə ilə də qarşı-qarşıya qalır” deyə bildirib.




