İpoteka kreditləşməsi ilə bağlı məsələ çox güman ki, 2018-ci ilədək öz həllini tapacaq.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Deputat ipoteka kreditləşməsinin yenidən gündəmə gəlməsinə münasibət bildirib:
“Bundan əvvəl sosial ipoteka krediti ilə əlaqədar əlavə 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Ancaq Prezident İlham Əliyev bu vəsaitin 200 milyon manatadək artırılmasına dair göstəriş verdi. Ola bilsin ki, indi bu vəsait Fonddan ayrılacaq. Maliyyə naziri Samir Şərifov daxili bazardan vasitələrin cəlb edilməsinin Azərbaycan İpoteka Fondunun yenidən təşkil edilməsindən sonra mümkün olduğunu bildirdi. Bu da o anlama gəlir ki, ipoteka krediti ilə bağlı 200 milyon manat vəsaitin cəlb edilməsi ilə bağlı mənbə var. Olmasaydı, belə bir məlumat verilməzdi. Vaxtı dəqiq açıqlanmasa da, çox güman ki, bu məsələ 2018-ci ilədək öz həlini tapacaq”.
Qeyd edək ki, bir müddət Prezident İlham Əliyev ipoteka proqramına əlavə 200 milyon manatın ayrılması ilə bağlı göstəriş verməklə yanaşı, hökumətə kredit şərtlərinin təkmilləşdirilməsini də tapşırmışdı. Mərkəzi Bank ilə Maliyyə Nazirliyinin yeni şərtləri razılaşdırması da məhz ölkə başçısının göstərişi ilə bağlıdır.




