
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə Rahib Salmanov sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. H.Samuel son sözlə çıxış edərək himayəsində 3 azyaşlı övladı olduğunu, görmə qabiliyyətinin 60 faizini itirdiyini məhkəmənin diqqətinə çatdırıb. O, saxta pul kəssələr də onları dövriyyəyə buraxmaq niyyətində olmadıqlarını deyib.
Digər təqsirləndirilən Maput Martial da son sözündə həmin pulları dövriyyəyə buraxmaq məqsədilə kəsmədiklərini deyib.
Bundan sonra prosesdə hökm oxunub. Hökmə görə, təqsirləndirilən şəxslərin hər ikisi 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər bu il aprelin 3-də tutublar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar.
Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların iyunda Azərbaycanda keçiriləcək Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.



