Parisdə baş verən dəhşətli terror hadisəsindən sonra dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da təhlükəsizlik məsələsi ön plana çıxıb.
Bundan öncə xəbər verdiyimiz kimi, AZAL ölkə daxilində olan bütün hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirdiyini bəyan edib. Təkcə AZAL deyil, paytaxt Bakıda fəaliyyət göstərən məşhur otellər, alış-veriş mərkəzləri, insanların çox olduğu yerlər daim nəzarətdə saxlanılır.
Əməkdaşımız ilk öncə metroda təhlükəsizlik tədbirlərinin necə aparılmasını yoxlayıb.

Çanta ilə metroya daxil olan müxbirimiz polis əməkdaşları tərəfindən saxlanılıb. Çantaya baxış keçirildikdən sonra onun platformaya daxil olmasına icazə verilib.
“Əvvəlki günlərlə müqayisədə metroda təhlükəsizlik tədbirləri gücləndirilib. Şübhəli sərnişinlər saxlanılır. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır”-deyə əməkdaşımız qeyd edib.
Metronun “Nəriman Nərimanov”, ”Ulduz”, “Əzizbəyov”, “Neftçilər”, “Xalqlar dostluğu” metro stansiyalarının giriş qapılarında polislərin sayı iki olsa da, onlar sərnişinlərin çantalarını yoxlamadan içəri buraxmırdılar.
Polis əməkdaşları metroda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər. Onlar bu barədə rəhbərlik tərəfindən tapşırıq aldıqlarını deyiblər.
Metro stansiyaları ilə yanaşı böyük alış-veriş mərkəzlərində (AVM) də təhlükəsizlik tədbirləri gücləndirilib.

“28 Mall”, “Park Bulvar”, “Metropark”, “Xaqani” və digər AVM-lərdə polis əməkdaşları girişdə müştərilərin çatnalarını xüsusi cihazlar vasitəsilə yoxlayırlar.
Şübhəli bilinən çatnalara baxış keçirilir.
MTN-in İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev mətbuata açıqlamasında təhlükəsizlik məsələsinin daim nəzarətdə olduğunu deyib: “Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyinə mümkün təhlükələrin, təhdidlərin qarşısının alınması üçün Milli Təhülkəsizlik Nazirliyi (MTN) digər aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir”.
Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur.



